Kolumbiyanın Antikokiya bölgəsinin La-Unon rayonunda baş verən təyyarə qəzasından 13 nəfər sağ xilas olub.
Məlumatlara görə, onlar arasında klubun qapıçısı Markos Danilo və müdafiəçi Alan Ruşel var. Digər şəxslərin kimliyi ilə bağlı hələlik məlumat verilmir.
"Mirror" qəzetinin yaydığı xəbərdə hadisə zamanı 25 nəfərin həlak olduğu bildirilir.
Saat 10:33
Xəbər verdiyimiz kimi, gecə saatlarında Braziliyanın "Şapekoense" klubunun futbolçularını aparan təyyarə Kolumbiyada qəzaya uğrayıb.
Qəzanın səbəbləri ilə bağlı ilkin məlumatlar yayılıb. Bildirilib ki, təyyarə yanacağın çatmaması səbəbindən təcili eniş üçün icazə istəyib. Ancaq pilotlar təyyarəni endirməyə müvəffəq olmayıblar.
Yerli mediada yayılan xəbərlərdə qəza zamanı çox sayda insanın öldüyü bildirilib. Hadisə vaxtı təyyarədə futbolçulardan savayı, jurnalistlər, qonaqlar və klub rəsmiləri olublar. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Rəsmilər klubun Amerika kubokunun finalında iştirak etmək üçün Boliviyadan Kolumbiyaya uçduğunu açıqlayıblar.
Saat 09:38
Braziliyanın "Şapekoense" klubunun futbolçularını aparan təyyarə Kolumbiyada qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə 72 sərnişin və 9 ekipaj üzvü olub.
Məlumatlara görə, qəza Antikokiya bölgəsinin La-Unon rayonunda baş verib. Qəzanın səbəbləri məlum deyil. Yerli mediadan bildirilir ki, hadisə zamanı futbolçular Amerika kuboku üzrə keçirilən oyunda iştirak üçün Medelin şəhərinə doğru uçurmuş.
Ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.
Təyyarədən çəkilən son foto:

Hadisə yerindən ilk görüntülər:


