“ÜST-ün göstərişinə görə 5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”. 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışında bildirib. 
O deyib ki, uşaqlara nəzarət etmək olmur, onlar maskaya əllərini vurub gözlərinə çəkə bilirlər. Növbəti qrup 6-11 yaşlılardır ki, onlara izah edərək maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olur: “Maska o vaxt effektiv olur ki, ondan düzgün istifadə olunur. 12 yaşdan yuxarı uşaqlarda isə böyüklərdə olduğu kimi maskadan istifadə mümkündür. Kiçik yaş qruplarında, məktəbəqədər təhsil müəssisələrində maskadan istifadə şagirdin və valideynin ixtiyarına buraxılır. Orta və peşə təhsil müəssisələrində isə bu məcburidir”.

Baş infeksionist: "Koronavirusun mutasiyasının uşaqlar üçün daha təhlükəli olması müəyyən olunmayıb"

“Koronavirus mutasiya edir və bunlar çoxsaylıdır”. 
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, mutasiyalar baş verərkən virusun xüsusiyyətləri dəyişə bilər: “Mutasiya prosesi hələ davam edəcək. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb. Uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupu deyil. Amma əvvəlki qaydalara əməl olunmalıdır”. 
T. Eyvazov uşaqların spirtdən çox istifadəsinə də aydınlıq gətirib: “Uşaqların dərisi daha incədir. Spirtdən lazımi qədər istifadə olunmalıdır. Gigiyenik qaydalara görə 5 yaşına qədər uşaq sabunlardan istifadə edilməlidir”. 

Baş infeksionist: "COVID-19 peyvəndi Milli peyvənd təqviminə salına bilər"

“COVID-19 peyvəndi Milli peyvənd təqviminə salına bilər, bu, yalnız Azərbaycanda deyil, dünyada müzakirə olunur”. 
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışında deyib. 
O bildirib ki, bu infeksiyanı keçirənlərdə immunitet yaranır: “Qoruma 6 ay 1 il müddətinə olursa, sonra yenidən yoluxma baş verirsə, onlara təkrar peyvənd vurulmalıdır. Hər bir ölkə özü qərar verib bunu təqvimə salır”.

 

.