Terror aktının törədiləcəyi barədə bilə-bilə yalan məlumat yaymaqda təqsirləndirilən Fərid Butayevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan vətəndaşı, 2001-ci il təvəllüdlü F.Butayevə məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən vatsap tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.
O, saxlanılaraq Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
.