Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan parlamentin sədri Alen Simonyanın istefasına təşəbbüs göstərilməsi ilə bağlı tələb irəli sürüb.
Ter-Petrosyan bu barədə sosial şəbəkə hesabında bildirib.
O, bunu küçə insidenti ilə əsaslandırıb.
Ter-Petrosyan qeyd edib ki, Simonyanın küçədə vətəndaşa tüpürməsi bağışlanılmazdır. O bu insidenti iyrənc adlandırıb.
Ter-Petrosyan hesab edir ki, spikerin davranışı dövlətin reputasiyasına böyük zərbə vurub və bu, yalnız onun istefası bahasına bağışlanıla bilər.
“Simonyanın istefaya göndərilməsi beynəlxalq ictimaiyyət qarşısında xalqımızın şərəfini bərpa etməyin yeganə yoludur. “Vətəndaş müqaviləsi” partiyası öz nüfuzunu qorumaq üçün bu addımı atmağa borcludur”, - Ter-Petrosyan vurğulayıb.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə sabiq prezidentin onun istefası ilə bağlı tələbinə cavab verib və Ter-Petrosyanı müzakirələr aparmaq üçün parlamentə dəvət edib.
Alen Simonyan öz növbəsində qeyd edib ki, Levon Ter-Petrosyandan onun istefasını tələb edəcəyini gözləməyib.
Parlamentin sədri Ter-Petrosyana 2008-ci ilin 1-2 mart hadisələrini xatırladıb: “Prezident-tarixçi yaxşı bilməlidir ki, hansı səhvlər bağışlanılmazdır və ölkə liderləri bu səhvlərin əvəzini necə ödəyirlər”.
Simonyan, həmçinin, Ter-Petrosyanı kimin və nə vaxt dövlətə ən çox ziyan vurduğunu müzakirə etmək üçün parlamentə dəvət edib.
Xatırladaq ki, bir neçə gün öncə erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan Simonyanı İrəvanın mərkəzindəki “Kaskad” kompleksinin yaxınlığında görərək, onu hər kəsin qarşısında “satqın” adlandırmışdı. Spikerin mühafizəçisi buna cavab olaraq, Mkrtçyanın qollarını burub və müxalif deputatların dediyinə görə, Simonyan həmin şəxsin üzünə tüpürüb.
.
