Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin hansı istiqamətdə inkişaf etdiriləcəyi indidən planlaşdırılmalıdır.

Bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri general-mayor Elman Səmədov "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimində bildirib.

O qeyd edib ki, hər hansı bir ölkənin sülhməramlı missiyalarda iştirakı elə də asan deyil: "Müharibə aparmış dövlətin öz hərbi qulluqçularını ölkə hüdudlarından kənarda sülhməramlı əməliyyatlara göndərməsi mühüm və məsuliyyətli addımdır".

General-mayor bildirib ki, hesabat hazırlanarkən NATO-da tətbiq olunan ən qabaqcıl təcrübə və standartlardan istifadə edilib: "Əməliyyatların planlaşdırılması, müxtəlif bölmələr arasında qarşılıqlı fəaliyyətin təşkili, missiya komandanlığı və digər istiqamətlər NATO meyarları əsasında təhlil olunub".

Elman Səmədov vurğulayıb ki, müasir dövrdə yeni təhlükələr meydana çıxır: "Kiber təhlükəsizlik, informasiya müharibəsi, pilotsuz uçuş aparatlarından istifadə kimi amillər müasir əməliyyatların ayrılmaz hissəsinə çevrilib. NATO da bu istiqamətlər üzrə fəaliyyətini və konseptual yanaşmalarını daim təkmilləşdirir".

.