“Türkiyədə təhsil almış 20-yə yaxın soydaşımız olan həkimlərin Bakıda xüsusi rejimli xəstəxanalarda təlimləri tamamlanıb, bu layihə üzrə birinci mərhələ başa çatıb”. 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
R. Bayramlı deyib ki, artıq növbəti səfər mayın 3-də Gəncə, Goranboy, Şəmkir və Ağdaş şəhərlərindəki xəstəxanalara olacaq: ”Bu mütəxəssis qrupunun hər birinə mütəxəssislərimiz də cəlb olunub”.
 
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Çağrı Mərkəzinə koronavirus xəstəliyi ilə bağlı 2271, psixoloji dəstəklə bağlı 961, poliklinik xidmətlər üzrə 1209 müraciət daxil olub: “Gələn həftə ilk modul tipli xəstəxana TƏBİB-ə təhvil veriləcək”.

Bakının Yasamal,Binəqədi və Nəsimi rayonlarında koronavirusa yoluxma üstünlük təşkil edir

"Son həftələrdə koronavirusa yoluxma hallarında azalma müşahidə olunurdu. Amma aprelin 27-də karantin rejiminin yumşaldılmasından sonra yenidən artım müsahidə olundu".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, mayın 1-dən isə yoluxmada azalma müşahidə olunur: "Yoluxma hallarının azalması ilə sağalma hallarında artma müşahidə olunur. Bilməliyik ki, karantinin bitməsi nəticəsində biz hər ssenariyə hazır olmalıyıq".

R. Bayramlı qeyd edib ki, Bakının Yasamal, Binəqədi və Nəsimi rayonlarında yoluxma üstünlük təşkil edir: "Sumqayıyda yoluxma 3.2 faizdir. Burada əhalinin sıxlığı əsas göstəricidir".

TƏBİB: Sağalmış şəxslərin plazmasının ağır xəstələrə tətbiqinə başlanılıb

“Dünyada 3 milyondan çox insan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 234 mindən çox insan isə xəstəlikdən vəfat edib”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu, problemin hansı sürətlə davam etdiyinin gostəricisidir: “Dünyadakı prosesləri izləyirik. Ölkəmizdə diaqnostik müayinələr bütün bölgələrdə davam etdirilir. Bu həftə Sumqayıtda avtomatlaşdırılmış laboratoriya quraşdırılıb. Bütün böyük şəhərlər avtomalaşdırılmış laboratoriyalarla təchiz olunub”.

R. Bayramlı qeyd edib ki, əldə edilən əsas meyar erkən müalicəyə cəlb olunmaqdır: “Bütün diaqnostik imkanlarımız var. Müalicələrə vaxtında başlanılır və süni nəfəs cihazına qoşulmanın qarşısı alınır. Sağalmış şəxslərin plazmasının əldə olunmasına və ağır xəstələrə tətbiqinə başlanılıb. Xüsusi proqramla artıq donorların müayinəsi aparılır. Sabahdan ilkin donorlardan plazmalar alınıb pasportlaşdırılacaq və ağır xəstələrə tətbiq olunacaq”.

Ramin Bayramlı: “Gəncə və Lənkəranda koronavirusa yoluxma artıb”

“Son günlər Gəncə və Lənkəran şəhərlərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın artdığı müşahidə edilir”.

Bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı qeyd edib ki, burada tibb müsəsisələrinin işində korreksiyaya ehtiyac var: “Son günlər bu işin nəticəsini görürük və vətəndaşlarımızı daha məsuliyyətli olmağa dəvət edirik”.

TƏBİB-in sədri vurğulayıb ki, “yaşıl zona” yoluxmanın olmadığı, “sarı zona” 50-dən az yoluxmanın olduğu, 50-dən yuxarı yoluxmanın olduğu ərazilər “narıncı zona”, 100-dən yuxarı yoluxmanın olduğu ərazilər isə “qırmızı zona”lardır: “Sarı zona”da qabaqlayıcı, “narıncı zona”da orta səviyyəli, “qırmızı zona”da isə sərt karantin qaydaları tətbiq ediləcək. Hələlik Azərbaycanda “sarı zona” və “narıncı zona” var”.

TƏBİB sədri: “Xaricdən gələn bütün vətəndaşlarımız karantində saxlanılacaq”

“Xüsusi karantin rejimi sərhədlərimizdə də davam etdirilib. İndiyə qədər 11 minə yaxın vətəndaşımız hava nəqliyyatı ilə ölkəyə daxil olub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, portal vasitəsi ilə gündəlik 300-500 vətəndaşımızı qəbul edə biləcəyik: “14 günlük karantin rejiminə əməl etmədən vətəndaşlarımızı ölkə ərazisinə buraxa bilmərik. 14 günlük müayinə nəticəsində pozitiv hallar aşkar edilənlər xəstəxanalara, testi neqativ çıxanlar evlərinə göndəriləcək”. 

.