Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin 2022-ci ilin 6 aylıq yekun hesabatına həsr olunmuş iclası keçirilib.

TƏBİB-dən bildirilib ki, iclasda Mərkəzin direktoru Elçin Əmirov, direktor müavinləri, şöbə müdirləri, tabeli tibb müəssisələrinin rəhbərləri iştirak edib.

İclasda çıxış edən Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi Statistika və Analitika şöbəsinin, Maliyyə Departamentinin, Monitorinq və Nəzarət Departamentinin, Əlillik məsələlərinə nəzarət şöbəsinin əməkdaşlarının məruzələri dinlənilib.

Eyni zamanda, 13 nömrəli Şəhər Poliklinikasının, 8 nömrəli Uşaq Poliklinikasının, Xocasən Sağlamlıq Mərkəzinin rəhbər şəxsləri sözügedən tibb müəssisələrinin 6 aylıq yekun hesabatı barədə çıxışlar edib, görülən işlər barədə məlumat verib.

Sonda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov tibb müəssisələrinin cari problemləri, mövcud çatışmazlıqlar və problemlərin həlli yolları barədə çıxış edib, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. Belə ki, tibbi xidmətin təşkilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qərarlarına, hüquqi-normativ sənədlərin icrasına ciddi riayət olunmasının, əhalinin maarifləndirilməsi istiqamətində tibbi fəaliyyət göstərilməsinin, etik davranış qaydalarına əməl edilməsinin təmin olunmasının, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
 

.