Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi qəbul olunacaq.

Bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iyulun 5-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

Baş katib qəbul olunacaq Qarabağ Bəyannaməsi təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd edib və bunu tarixi bəyanat kimi dəyərləndirib. O, həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində sahəvi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də yeni təşəbbüslərlə çıxış etməsinin alqışlandığını və çox müsbət qiymətləndirildiyini deyib. Təşkilatın katibliyinin strukturunun yenilənməsinə, ştat vahidinin artırılmasına və quruma göstərilən maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirib.

.