Məşhur aparıcı, radio rəhbəri Nəsib Nur Teleqraf.com-a müsahibə verib. Yenizaman.az müsahibəni təqdim edir:

 

 

- Radio rəhbəri olmaqla yanaşı "Nəsib olsa” verilişini aparırsınız. Sizin üçün  radio, yoxsa televiziya daha doğmadır?

 

- Mənim üçün radio daha çox doğmadır. Radioda işləmək üçün xüsusi  sevgi olmalıdır. Çünki o insanın üzünü görmürlər, yalnız səsini eşidirlər. Radio aparıcısının o dərəcədə də reklamı olmur. Daha çox  tanınmaq istəyən insanlar televiziyaya üz tuturlar. Amma radionu sevən insanlar heç vaxt radiosuz yaşaya bilmir. O vaxtlar radio insanı çox pul qazanmırdı, amma Allaha şükür, indi layihə ilə radioda pul qazanmaq mümkündür. Dostlarımız ailəsini yaxşı dolandırırlar. Radio  sevgisi tamamilə ayrı sevgidir. Siz radioda çalışsanız, görəcəksiniz ki, radioda doğmalıq var. Televiziyada intriqa olur.  Mən "Xəzər Media” mərkəzinə dəvət olunanda gündəlik  axşam şousu təklifi var idi. Rəhbərliklə görüşdüm və anladım ki, heç vaxt reklama qaçmamışam. Fəaliyyətim dövrümdə heç vaxt televiziya layihələrinə qonaq çıxmamışam. Jurnalistlər də bilir ki,  hansısa məsələyə münasibət bildirməmişəm. Səbəbsiz yerə adım hallansın deyə reklamı sevməmişəm. Mən xalqa yaxın insanam.  Filan verilişlərə gedim, qalmaqal yaradım və s. elə insan deyiləm.

 

- Buna baxmayaraq, gündəmdən düşmürsünüz. Aparıcılar var ki, verilişləri bitdikdən sonra tez unudulurlar...

 

- Mən efir üçün işləməmişəm ki, efirin sayəsində də gündəmdə olum. Eləcə də efirin sayəsində gündəmdə qalmağa çalışmamışam. Öz  kooperativ işlərim var, banklardan birinin kooperativ səsiyəm, roliklər yazılır.  Bəzi insanlar düşünür ki, gündəmdə olum, işim daha yaxşı getsin və s. düşünür. Əslində,  gündəmdə olmaq da marağımda deyil. Sadəcə olaraq, işimi yaxşı və insafla görən insanlardanam.  Təbii ki, "Nəsib olsa” verilişi ilə bağlı televiziyada müəyyən xodlar var. Piar məsələsi ilə bağlı nə isə olmalıdır.  Nə isə etmək lazımdır ki, bir az səs-səda olsun.  Mənimlə çalışan böyük komandamız, ssenaristimiz var. Hər biri öz sahəsində tanınmış insanlardır.  Heç kimlə rəqabət aparmırıq.  İşimizi elə görməliyik ki, bizimlə rəqabət aparsınlar. 

 

- Verilişinizin ilk buraxılışı sensasiyaya səbəb oldu. Buna görə sizinlə rəqabət aparan, aparıcı kimi qısqanclıq edənlər oldumu?

 

- Aparıcılar arasında çox dostlarım var. Heç vaxt insanlara paxıllıq etməmişəm. Həmkarlarımın uğuruna sevinmişəm. Uğura sevinməyi bacarmaq lazımdır ki, sən də uğur qazanasan.

 

- Amma hər kəs sizin kimi deyil...

 

- Hər kəsin öz işidir. Hansısa  aparıcının uğuru olanda hamımıza pay düşür. Amma reytinq dalınca qaçıb, özlərini itirməsinlər. Bu  gün mən burdayam, sabah başqa yerdə ola bilərəm. Mövqeyi əlində silah etmək düzgün deyil. Ona görə də bütün həmkarlarımın uğuruna sevinirəm.

 

- Bəs həmkarlarınızın sizin uğurunuza sevindiyini hiss edirsiniz?

 

- Mənə dost deyən, dost dediyim insanlar həqiqətən də uğurlarıma sevinirlər. Mən daxili zənginliyə çox qiymət verirəm. Ona görə də uğurlara sevinirəm. Aparıcılardan Tural Əsədovla ailəvi dostluq münasibətimiz var. Söz var ki, "Allah ürəyinə görə versin”.  O, sözü mənə deyəndə sevinirəm.  Elə insanlar var ki, o, sözü deyəndə sevinmir.  Mən onu alqış kimi qəbul edirəm.

 

- Bir zamanlar siz özünüz də işçi olmusunuz. Radio rəhbəri olduqdan sonra necə rəhbər olmağa çalışırsınız?

 

- Onu əməkdaşlardan soruşmaq lazımdır.  Amma biz hamımız əsgərik, rəhbər oldum, kimdənsə  üstünəm və s. düşünmürəm.  Mən radioda sıfırdan fəaliyyətə başlayan insanam. Burada tamamilə yaradıcı mühit yaranıb. Onlara güvənirəm, etimadımı doğruldublar.  Hər iki radionun formatı var. Xəzər Fm-də daha çox əcnəbi və Azərbaycan pop musiqiləri, 100.5 Fm-də isə Azərbaycan və türk mahnıları səsləndirilir. Rəhbər olduğum radiodan heç kim çıxmayıb. Uğurlarımız, yeni avadanlıqlarımız var. Aparıcılar üçün rahat mühit var. Aparıcılar gözləmirlər ki, saat 6 olan zaman evə getsinlər. Rəhbər deyəndə isə biz bir komanda, Xəzər ailəsiyik.  
Xəzər media mərkəzinə Xəzər Fm, 100.5 Fm və Araz Fm daxildir. Araz Fm-in rəhbəri Çiçək (Şəhla Vakkas) xanımdır. Yaxın dostumuzdur, peşəkardır, radio insanıdır. Radio insanının radioda, televiziya insanının televiziyada olması yaxşı haldır.  Azərbaycanımızın inkişafına uyğun televiziya və radio qurmalıyıq.

 

- Eyni media altında fəaliyyət göstərən üç radio arasında rəqabət varmı?

 

- İki radio eyni məkanda yerləşir. Bir ailənin üzvüyük. Amma demişəm ki,  siz işdə sağlam rəqabət aparmalısınız. Bir-birinizlə rəqabət aparın. Verilişləriniz rezonans doğurmalıdır. Radio daxilində rəqabətə girirlər, şəhər şousu ilə, axşam şousu ilə və s.  Sağlam rəqabət mütləq olmalıdır. Sağlam rəqabət olmasa işin nəticəsi olmaz.

 

- Hansısa müğənniyə görə münasibətinizin korlandığı müğənni varmı? Röya Ayxanla yaxın dost olduğunuzu bilirik. Bu sizin Aygün Kazımova ilə münasibətinizə təsir edirmi?

 

- Xeyr, təsir etmir. Şəxsi  ailə tədbirlərimə bir-biri ilə danışmayan iki müğənni belə mənə görə gəliblər. Mən də onlar arasında heç vaxt fərq qoymuram. O düzgün deyil. Aygün Kazımova da çox sevilən müğənnidir. Dünən birlikdə açılışda idik, gəlişindən sonra həqiqətən də ab-hava dəyişdi.  Hamısını çox sevirəm.

 

- Müğənnilərdən  kiminlə ailəvi dostluq münasibətiniz var?

 

- Müğənni Zamiq Hüseynov, Röya Ayxan, Elnur Məmmədov, Natavan Həbibi və s. ilə gediş-gəlişimiz var. Bir çox məclislərə də həyat yoldaşımla gedirəm.

 

- Məclislərə həyat yoldaşınızla getməyinizə baxmayaraq ailənizi mətbuatda uzaq  tutmağı bacarırsınız...

 

- İnsan sağlam, sevgi əsasında qurulan ailəsini qorumağa çalışmalıdır.  Hər bir kişi ailəsinin arxasında dayanmalıdır. Ailə özəldir. İnsan işi ilə tanınmalıdır. Təbii ki, müğənnilərin həyatı insanlara maraqlıdır.

 

- Necə həyat yoldaşısınız?

 

- Mənim üçün hər şeydən öndə ailəmdir.  Ailə dəyərlərinə qiymət verən insanam. Böyüklərimizdən elə görmüşük. Ailə insanıyam. Mənim üçün əsl istirahət ailəmlə, dostlarımla keçirdiyim vaxtdır. İşdən evə gedəndə saat 11-də uşaqlar dururlar və yarım saat onlarla oynayıram.  Üzümü az görürlər. İstəyirsiniz həyat yoldaşıma zəng edim, necə həyat yoldaşı olduğumu desin (gülür).

 

- Xarizmatik aparıcısınız, həyat yoldaşınız sizi qısqanmır?

 

- Xarizmatik deyəndə normal kişiyəm. Heç vaxt özümlə oynayan insan olmamışam.  Səhnəyə, verilişə çıxanda geyinirəm. Həyatda normal geyimlərə üstünlük verirəm. Qısqanclığa gəlincə insan gərək ilk öncə özünə, sonra həyat yoldaşına güvənsin. Həyat yoldaşım məni qısqanmır, çünki ona zəmin yaratmıram. Həyatda əsas güvəndir.  İnsan  bir-birinə güvənməlidir. Güvən olan yerdə sakitlik də, xoşbəxtlik də var. Şirin qısqanclıq ola bilər. O adama ləzzət edir.  Maniakal qısqanclıq bir az pisdir. Su da çox içəndə ziyandır.  Hər şey əndazədə daha yaxşıdır.

 

- Müğənni Səidə Sultanın bacısı Pərvanə xanımla evlisiniz, amma Səidə Sultanı hələ ki, verilişinizdə görməmişik. Səbəb?

 

- Hamı gözləyirdi ki, ilk verilişdə Səidə Sultan çıxacaq. Mənim işimdə bir qanun var: öz qardaşım olsa belə hər kəsə eyni münasibəti bəsləyirəm. Səidə də, inşallah, olacaq. Səidə Sultan efirdə müğənni kimi dostumdur, evdə baldızımdır. Qohumluğu işə qatmaq lazım deyil. Hər şeydə ədalətli olmaz lazımdır.

 

Buraya gələndə hamı deyirdi ki, bəlkə hamını işdən çıxarar, öz ətrafını gətirər. Mən elə insan deyiləm. Hər şeydə insaf olmalıdır. Biləsiniz ki, mənim burada qohumum yoxdur. Mən də buraya tapşırıqla gəlməmişəm. Buranın təməli işə görə qurulub. Səidə Sultan müğənni kimi dostumdur, sevilən müğənnidir, gözəl səsi var, amma tənbəlliyi də var. Evdə baldızım Səidədir. Onu insan, evdar xanım, xala kimi tanısanız daha sevimli olardı. Mənim və baldızım uşaqları onun üçün ölürlər. Uşaqları çox sevir. Gəlir, onlara "peraşki” bişirir. Çox yaxşı əl qabiliyyəti var.

 

- Televiziyada heç biriniz qohum olduğunuz haqqında danışmamısınız...

 

- Sosial mediada bu haqda məlumatlar var. Amma işin öz yeri, qohumluğun öz yeri var. Hər insan işinə görə özü cavabdehdir.

 

- Prodüser, radio rəhhbəri, televiziya aparıcısısınız. Gələcəkdə Acun Ilıcalı kimi televiziya rəhbəri olmaq kimi məqsədiniz varmı? 

 

- Dostum Müşfiq Abbasov deyir rəhbər olmaq çətindir. Məsələn, hansısa dövlət məmuru olmaq çətindir. Mən ondansa onun yaxın dostu olaram. Amma  general olmaq istəməyən əsgər əsgər deyil. İnsanın zirvəyə yüksəlməsi üçün məqsədi olmalıdır. Bizi Türkiyə ilə müqayisə edirlər. Amma orada tamamilə başqa cürdür. Orada böyük pul qoyub, böyük işlər görürlər. İnanmaq lazımdır ki, bizdə də elə olacaq. Acun Ilıcalının da çətin yaradıcılıq yolu olub. Amma mənim elə də böyük ambisiyalarım yoxdur. Eləcə də heç zaman vəzifəm, pulum olsun kimi ambisiyalarım olmayıb. Bu gün yeməyə çörəyim olsun, başım rahat olsun. Təbii ki, gələcəkdə hər şey ola bilər. Radionu idarə edirik, işlərimiz yavaş-yavaş yaxşı gedir. Bizim radioda kommersiyaya hesablanmış, sıradan mahnı yoxdur. Hətta istedadı olan müğənnilər mahnılarını gətirirlər. Heç bir təmənna olmadan radioda səsləndirilir.

 

- Yeni sezon verilişləri ilə Xəzər televiziyası ATV-ni keçib. Bu nə dərəcədə doğru yanaşmadır?

 

- ATV-də işləyən, rəhbərliklə münasibəti olan dostlarım çoxdur. Hamı öz işini görməyə çalışır. Biz heç kimlə rəqabət aparmırıq. Biz öz işimizi elə görməliyik ki, bizimlə rəqabət aparsınlar.

 

- Adətən deyirlər ki, şou-biznes nümayəndələri  arasında dostluq yoxdur. Bəs siz çətinlik zamanı kimə zəng edirsiniz?

 

- Xeyr, şou-biznesdə yaxşı insanlar var, amma daha çox mənə zəng edirlər. Ad çəkməyəcəm. Çətinliyə düşəndə deyil, nə isə lazım olanda müraciət edirlər. Onlar da bilirlər ki, hər zaman onların qulluğundayam. Əlimdən nə gəlirsə edirəm.

 

- Məmurlardan kiminlə dostluq edirsiniz?

 

- Bəli, məmurlardan dostlarım var. Əminəm ki, dostlarım mənimlə, mən də dostlarımla qürur duyuram. Gərək insanın yaxşı dostları olsun. Yaxşı dost insana həyatın bəxş etdiyi ən gözəl nemətdir. Hər sahədə özünə dost bilən və dost bildiyim insanlar var. Kiminsə qəbuluna aylarla düşməyən insan məni dost bilib, bir zənglə hansısa məsələni həll edir. Amma istifadə edən insan deyiləm. Əsl dostluğa üstünlük verirəm.

 

- Müəyyən müddət  televiziyadan kənarda idiniz, "Bu şəhərdə”nin konsertlərinə aparıcılıq etdiniz... 

 

- Mən çox şadam ki, "Bu şəhərdə” ailəsinin üzvüyəm, ailəvi dostluq münasibətimiz var.  Onların 100-dən artıq konsertlərinə aparıcılıq etmişəm. Heydər Əliyev Sarayında ən çox aparıcılıq edən aparıcılardanam. Oradakı fəaliyyətim yaradıcılıq ehtiyacımı tam ödəyirdi.

 

- O zaman toylara da getmirdiniz. Bəs ailənizi maddi baxımdan necə təmin edirdiniz?

 

- Mən toyla gündəmə gəlməyi xoşlamamışam. Koperativ  işlərim var, filmlər, reklamlar səsləndirirəm. İşimi elə planlamışam ki, az olsun, yaxşı olsun. Kəmiyyət yox, keyfiyyət önəmlidir. Ona görə də öz əziyyətimlə, daydaysız bu səviyyəyə gəlmişəm. Valideynlərim müəllimdir. Mənə  gözəl tərbiyə veriblər. Çox əziyyətlər, çətinliklər görmüşəm. Ona görə də hər bir qara qəpiyimin  qədrini bilirəm. Özümə ev də, maşın da almışam. Ən önəmlisi halallıqla işləyirəm.

 




.