Azərbaycan Mərkəzi Bankı (AMB) "Euroclear" və "Clearstream" beynəlxalq depozitar-klirinq mərkəzləri ilə danışıqlar aparır.

Bu barədə  AMB-nin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, Azərbaycan investorlarının qlobal kapital bazarlarına çıxışı, beynəlxalq iştirakçıların isə Azərbaycanda daha aktiv fəaliyyət göstərməsinə imkan verəcək əməkdaşlıq müzakirə olunur: "Ölkə belə mərkəzlərə qoşulduqda və onların sisteminə daxil olduqda, faktiki olaraq qlobal investorların xəritəsində görünür".

T.Kazımov bildirib ki, bu gün Azərbaycan rezidentləri xarici kapital bazarlarına təxminən 1,6 milyard ABŞ dolları investisiya yatırıblar: "Bunlar əsasən neft sektorunda çalışan hüquqi şəxslərdir. Fiziki şəxslər o qədər də aktiv deyil, lakin biz onların vəsaitlərinin ölkə daxilində işləməsində maraqlıyıq".

AMB sədri xatırladıb ki, aktivlərin xarici depozitarlarda saxlanılması müəyyən risklər daşıyır, o cümlədən kastodian bankların iflası zamanı vəsaitlərin itirilməsi ehtimalı da var.

"Məhz buna görə AMB Azərbaycan investorlarının xarici qiymətli kağızlarının Milli Depozitar Mərkəzində (MDM) saxlanılmasını təmin etmək üçün "Euroclear" və "Clearstream" ilə danışıqlar aparır", - T.Kazımov vurğulayıb.

Onun sözlərinə görə, bu gün vətəndaşların təxminən 17 milyard manat (10 milyard ABŞ dolları) vəsaiti nağd şəkildə maliyyə sistemindən kənarda qalır.

"Bizim vəzifəmiz yerli kapital bazarını inkişaf etdirmək, bank depozitlərinə və daşınmaz əmlak bazarına alternativlər təklif etməkdir. Xarici investorları cəlb etmək üçün müasir infrastruktur və investisiyaların təhlükəsizliyini təmin edən hüquqi bazaya da ehtiyac var", - T.Kazımov vurğulayıb.

Məlum olduğu kimi, Azərbaycan artıq Bakı Fond Birjasının (BFB) "Tabadul" ticarət platformasına inteqrasiyası məqsədilə Əbu-Dabi Birjasına (ADX) qoşulur. Bu həm investorlar, həm də investisiya şirkətləri üçün qarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv və təhlükəsiz təşkilinə imkan verəcək. MDM, daxili bazarda ticarət etmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və öz hesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını və saxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitar sistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraq dəstək olacaq.

Bu əməkdaşlığı şərh edən T.Kazımov qeyd edib ki, "Tabadul" sadəcə alətlərdən biridir: "Qlobal bazarlara çıxmaq üçün bizə daha geniş əlaqələr formalaşdırmaq lazımdır".

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov isə bildirib ki, "Tabadul" platformasına təxminən 80 birja qoşulub, Azərbaycan isə qoşulmaq üçün memorandum imzalayıb və yanvar ayından test sınaqlarına başlayır.

Eyni zamanda, R.Xəlilov qeyd edib ki, bu qoşulma iki tərəfli ola bilər: "Birinci mərhələdə qarşılıqlı əlaqə ADX vasitəsilə aparılacaq. Əbu-Dabidəki broker şirkətləri məsafədən BFB-nin üzvü olaraq müştəriləri adından Bakı birjasında ticarət əməliyyatları həyata keçirə bilərlər. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən broker şirkətləri məsafədən ADX-in üzvü olaraq Əbu-Dabi Birjasının platformasında əməliyyatlar apara biləcəklər".

O vurğulayıb ki, qanunvericilik Azərbaycan investorlarına ADX vasitəsilə ticarət etməyə imkan verir, halbuki xarici iştirakçılar üçün BFB vasitəsilə əməliyyatların aparılması imkanı hələ də hazırlıq mərhələsindədir: "Bununla bağlı AMB və "Deloitte" şirkəti ilə birgə qanunvericiliyə dəyişikliklər hazırlanır".

R.Xəlilovun sözlərinə görə, "Tabadul" platformasına 1-2 ilə texniki qoşulmanın yekunlaşdırılmasından sonra layihənin kommersiya hissəsinə keçmək mümkün olacaq.

.