Minsk qrupunun ləğvi Azərbaycan Prezidentinin diplomatik və hərbi sahədə qazandığı böyük qələbənin tərkib hissəsidir.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.
Deputat deyib ki, 2024-cü il dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılış mərasimində söylədiyi nitqdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində beynəlxalq qurumların və bir sıra dövlətlərin tutduqları qərəzli mövqeyi, işğalçı Ermənistana göstərdikləri çoxtərəfli dəstəyi ətraflı şəkildə ifşa etdi: “Dövlət başçısının nitqi təkcə tarixi faktların xronikası deyil, eyni zamanda beynəlxalq ədalətsizliyə qarşı Azərbaycanın qətiyyətli mübarizəsinin və qələbəsinin manifestasiyasıdır. Prezindent Azərbaycanın keçdiyi çətin yolu, mübarizəsini və qələbəsini bir daha ümumiləşdirdi. Onilliklər boyu Ermənistana göstərilən hərtərəfli dəstəyə, ikili standartlara, beynəlxalq hüququn pozulmasına baxmayaraq, Azərbaycan öz haqlı davası uğrunda mübarizəsini qətiyyətlə davam etdirdi və qələbə qazandı. Ağdamda - bir zamanlar işğal altında olmuş, dağıdılmış şəhərdə - yeni yaşayış kompleksinin açılışı bu qələbənin ən yaxşı sübutudur. İşğalçı qüvvələr və onların himayədarları məğlub oldu, Azərbaycan isə öz torpaqlarını azad etdi və indi bu torpaqları abadlaşdırır, xalqa qaytarır. Bu nitq eyni zamanda beynəlxalq ictimaiyyətə xəbərdarlıqdır: ikili standartlar, haqsız dəstək, beynəlxalq hüququn pozulması uzunmüddətli sülhə aparmır. Ədalət və həqiqət gec-tez qalib gəlir. Azərbaycanın təcrübəsi bunu bir daha sübut etdi”.
Tahir Mirkişili qeyd edib ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri - Rusiya, ABŞ və Fransa - münaqişənin həlli əvəzinə, işğalı əbədiləşdirmək, Ermənistana haqq qazandırmaq məqsədi güdürdülər: “Danışıqlar prosesi illərlə süründürülür, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmur, Ermənistanın təcavüzkar siyasətinə göz yumulurdu. Minsk qrupu işğalçı ilə işğala məruz qalmış tərəfi eyni səviyyədə qiymətləndirirdi ki, bu da beynəlxalq hüququn kobud pozulması idi.
2020-ci il dekabrın 12-də, 44 günlük müharibədən sonra Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərək tarixi fikir səsləndirdi: “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”. Bu ifadə Azərbaycanın artıq bu qurumun faydasızlığını birmənalı elan etməsinin və öz gücünə arxalandığının bəyannaməsi idi. Azərbaycan təzyiqlərə baş əymədi və 44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdi. 2024-cü ilin avqustunda Prezidentin ABŞ səfəri zamanı Azərbaycan və Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi barədə birgə müraciət etdilər. Ləğv prosesi 2025-ci il dekabrın 1-də başa çatdı və bu anti-Azərbaycan qurum nəhayət ki tarixə qovuşdu. Bu, Azərbaycan Prezidentinin diplomatik və hərbi sahədə qazandığı böyük qələbənin tərkib hissəsidir”.
.
