“Regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd kimi Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib, müttəfiqlik əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə - yeni mərhələyə yüksəlməsini təmin edib”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında bildirib.

Tahir Budaqov deyib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına güclü təkan və önəmli töhfədir. Şübhəsiz ki, Azərbaycan və Türkiyə bundan sonra da ortaq hədəflər, milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər. Hakim siyasi partiyalar da bu istiqamətdə öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Yeni Azərbaycan Partiyası ilə AK Parti tərəfindən təşkil olunan bugünkü konfrans da Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının bariz nümunəsi, əyani ifadəsi və növbəti nümayişidir”.

.