Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Səadət Xəlilov verilmiş ittihamla təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.

Prokuror təqsirləndirilən şəxsə 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. S. Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi S. Xəlilovun işindən ayrılıb. S. Xəlilov tək mühakimə olunub.

S. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, S. Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

.