Şakir Ağayev: “11 yanvar görüşündən sonra bu məsələlər artıq tənzimlənməyə və qanuni çərçivəyə düşməyə başlayıb”

Bir müddət əvvələ qədər Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə Ermənistanda akkreditasiya olunan xarici ölkə vətəndaşları, əcnəbi jurnalistlər qanunsuz olaraq səfər edə bilirdilərsə, sülhməramlılar onlara şərait yaradırdılarsa, indi vəziyyət dəyişib. Məlum olduğu kimi, Azərbaycanda akkreditasiya olunmayan xarici jurnalistlər sülhməramlılar tərəfindən daha Qarabağa buraxılmır.

Qeyd edək ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bildirib ki, İrəvanda akkreditasiyadan keçənlərin Qarabağa getməsində ciddi problemlər yaranıb.

M.Minasyan qeyd edib ki, bir neçə gün əvvəl bir qrup fransız jurnalist keçmiş Fransa merlərindən birinin rəhbərliyilə Qarabağa getmək üçün Ermənistana gəlib. Onun sözlərinə görə, nümayəndə heyəti rəsmi icazə aldıqdan sonra Xankəndiyə doğru yola düşüb. Lakin Laçın dəhlizində rus sülhməramlıları onların yola davam etmələrinə icazə verməyiblər. Bəyan ediblər ki, fransızlar Azərbaycan ərazisinə daxil olublar və buna görə də səfərin davam etdirilməsi ilə bağlı Ermənistandan alınan icazə etibarsız sayılır.

Minasyanın dediyinə görə, nümayəndə heyəti heç nə edə bilməyib və İrəvana geri qayıdıb. Onlar Fransa səfirliyinə gəliblər. Fransanın Ermənistandakı səfiri Conatan Lakot isə baş verənlərə aydınlıq gətirməyə çalışaraq baş nazir Nikol Paşinyanla qeyri-rəsmi əlaqə qurub. Baş nazir yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqlar zamanı sözügedən məsələyə dair beynəlxalq media nümayəndələrinin Azərbaycandan akkreditasiya alması barədə razılıq əldə edildiyini və bu məsələlərə qarışmamağın daha yaxşı olduğunu söyləyib. Minasyanın fikrincə, fransız səfirin susmaqdan başqa çarəsi qalmayıb.

“Bu o deməkdir ki, artıq Rusiya sülhməramlıları Azərbaycan dövlətinin iradlarından nəticə çıxarmağa başlayıblar”
Məsələni “Bakı-Xəbər”ə şərh edən “Novoye vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev bildirdi ki, bu onu göstərir ki, artıq sülhməramlılar onlara ünvanlanan tənqid və iradlardan nəticə çıxarmağa başlayıblar. “Məsələdən xəbərim var. Ermənistanda akkreditasiya olunan fransız jurnalistlərinin Laçın dəhlizi vasitəsilə Qarabağa keçməsinin qarşısı sülhməramlılar tərəfindən alınıb və göstərilib ki, bura Azərbaycan ərazisidir, bura daxil olmaq üçün Azərbaycan dövlətinin icazəsi olmaldır. Təbii, proseslər getdikcə öz yoluna düşməlidir. Əlbəttə, ilk vaxtlar sülhməramlılar gələndə müharibə yeni bitmişdi və demək olar ki, onların nə işlə, necə məşğul olması bəlkə də tam dəqiqləşməmişdi, bəlkə də dəqiqləşmişdi, amma hələ buna riayət olunmurdu. Fakt odur ki, bu, müharibənin qurtarmasının ilkin dönəmləri idi. Sonda da Azərbaycan  Prezidenti İlham Əliyev həm xalqa yeni il münasibətilə müraciətində, həm də digər müraciət və müsahibələrində qeyd edib ki, Ermənistan ərazisindən Laçın dəhlizi vasitəsilə Azərbaycan torpaqlarına qanunsuz olaraq səfərlər edilir, bunların qarşısı alınmalıdır. Yəni ölkə başçısı sülhməramlılara öz iradını bildirmişdi. Bu o deməkdir ki, artıq Rusiya sülhməramlıları Azərbaycan dövlətinin iradlarından nəticə çıxarmağa başlayıblar və Qarabağa qanunsuz səfər etmək istəyən əcnəbi jurnalistlərə Xankəndiyə Bakıdan gəlməli olduqlarını bildiriblər. Eyni zamanda, bunu tənzimləyən ən əsas məsələlərdən biri 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüş oldu. 11 yanvar görüşündən sonra bu məsələlər artıq tənzimlənməyə və qanuni çərçivəyə düşməyə başlayıb.

Sülhməramlıların son davranışları onu göstərir ki, onların əvvəllər etdiyi hərəkətlər Moskvada Rusiya Prezidenti ilə Azərbaycan Prezidentinin təkbətək görüşündə, üçtərəfli görüşdə də müzakirə edilib. Məlumatdan da belə görünür ki, Paşinyan da bununla razılaşıb və razılaşmaya bilməzdi də. Çünki 2020-ci ildə imzalanan 9-10 noyabr bəyannaməsində də Paşinyan buna imza atıb. Bütün proseslər göstərir ki, artıq bunlar qanuni çərçivəyə düşür”.

Ş.Ağayevin vurğuladığına görə, bəzən bizim cəmiyyətdə müxtəlif məsələlərə münasibətdə tələskənliyə yol verilir. “Amma hamıya məlumdur ki, Azərbaycan Prezidenti hər şeyi hamıdan yaxşı bilir və necə idarə etməyi, necə bu məsələləri qaydasına salmağı, danışıqlar yolu ilə necə həll etməyi hər kəsdən yaxşı bacarır. Son 11 yanvar bəyanatında 4 maddə vardı. Burada kommunikasiyalar, Laçın dəhlizinin statusu və sairlə bağlı məsələlər var. Görünür ki, bu amillərin hamısı öz təsirini göstərir. Müsbət haldır ki, rusiyalı sülhməramlılar artıq öz üzərlərinə düşən öhdəliyi həyata keçirməyə başlayıblar. Təbiidir ki, onlar sülhməramlılardısa və Azərbaycan ərazisində yerləşirlərsə, Azərbaycan qanunları çərçivəsində, eyni zamanda, bəyanatlardan irəli gələn bəndlər əsasında fəaliyyət göstərməlidirlər. Bu yaxşı haldır. Güman edirəm ki, bundan sonra da bu kimi məsələlər üçtərəfli bəyanata uyğun olaraq öz həllini tapacaq. Yavaş-yavaş hər şey qaydasına düşəcək. Mən belə düşünürəm. Bunun başqa adı yoxdur. Məzh bu danışıqlar, bu proseslər Qarabağda yerləşdirilən sülhməramlıların mandatının konkret nədən ibarət olduğunu tədricən yoluna qoyacaq və bu proses belə də davam edəcək” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA

.