"Axşam saatlarında yolların buz bağlama ehtimalı var.”

Bunu AzNews.az-a açıqlamasında "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, hazırda qeyri-sabit hava şəraiti ilə bağlı Bakı şəhərində "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə, həmçinin Respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə edilmir: 

"Azəravtoyol” ASC-nin duz-qum qarışığı səpən maşın-mexanizmləri ötən gün axşam saatlarından etibarən daha çox qar tutan və buzlaşan ərazilərə cəlb olunaraq həmin sahələr nəzarətə götürülüb. Gecə və səhər saatlarında buzlaşmış yollara duz-qum səpilməklə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub. Axşam saatlarında yolların buzlaşma ehtimalı olduğundan maşın-mexanizmlər hazır vəziyyətdə saxlanılır, problemli ərazilər nəzarət altındadır.”

Anar Nəcəfli atılan qabaqlayıcı addımlara baxmayaraq, sürücüləri bu cür hava şəraitində diqqətli olmağa səsləyib:

"Sürücülərdən xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur.”

.