Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun büstünün və xatirə muzeyinin açılışı olub.

Anar Şükürovun təhsil aldığı Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhidin ailə üzvləri, şəhər rəsmiləri, hüquq-mühafizə orqanların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər.

Tədbirdə Vətən uğrunda şəhid olan igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonra Anar Şükürovun məktəbin foyesində ucaldılan büstünün açılışı olub. Bununla yanaşı, xatirə muzeyinin rəmzi açılışını bildirən lent kəsilib, tədbir iştirakçıları muzeylə tanış olublar. Muzeydə şəhid mayor Anar Şükürovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan eksponatlar, fotolar, sənədlərin surətləri nümayiş olunur.

Açılış mərasimində çıxış edən Zakir Fərəcov Vətən Müharibəsi şəhidlərinin, o cümlədən Anar Şükürovun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Şəhər rəhbəri qeyd edib ki, Vətən uğrunda canını fəda edən igidlərimizin xatirəsi hər zaman əziz tutulacaq. O, həmçinin Anar Şükürov kimi qəhrəmanların gənc nəsil üçün əsl örnək olduğunu vurğulayıb.

Digər çıxışçılar qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Anar Mehman oğlu Şükürov 20 yanvar 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Şükürov oktyabrın 16-da Ağdərə istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

.