Sumqayıtda polis əməkdaşları ictimai nəqliyyatda və şadlıq saraylarında reydlər keçirib şadlıq sarayları cərimə edilib, bir şadlıq evinin sahibi barəsində cinayət işi başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən  sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Həmçinin profilaktik tədbirlər çərçivəsində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb.

Yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda müvafiq qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur.

Sumqayıt şəhərində polis əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində səkkiz şadlıq sarayında keçirilən toylarda karantin qaydalarının pozulduğu, yəni qonaqların say həddini aşdıqları, “icazə.e-gov.az” portalından qeydiyyatdan keçmədikləri aşkar edilib. Həmin şadlıq evləri inzibati qaydada 4000 manat məbləğində cərimələniblər.

“Love Palace” şadlıq sarayının sahibi vətəndaş Elçin Şahverdiyev isə dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

 

.