Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Sumqayıt şəhər prokurorluğundan  verilən xəbərə görə, fevralın 3-də saat 10 radələrində Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanovun Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən, yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

.