Azərbaycanda təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə innovativ üsulların tətbiqi məsələsinə daim xüsusi diqqətlə yanaşılır. Pandemiya dövrünə baxmayaraq 2020-ci ildə də belə yanaşma davam etdirilib. Çox sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində bir sıra layihələr reallaşdırılıb. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ən yüksək səviyyədə diqqət göstərilir. Bu isə gənc nəslin bilikli, intellektual səviyyədə yetişməsində, həmçinin təlim-tədris prosesinin müasir şəraitdə aparılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı nəticəsində milli təhsilimizdə islahatlar daha intensiv xarakter almışdır. Hər il olduğu kimi bu il də dövlət başçısı dərs ilinin başlanğıcında məktəblərdə olmuş, müəllim və şagird kontingentləri ilə görüşlər keçirmişdir. Hazırda paytaxt Bakı ilə bərabər, Sumqayıt şəhərində də müasir tələblərə cavab verən məktəb binaları inşa olunmaqla yanaşı, şagirdlərin keyfiyyətli tədris almaları üçün, məktəblər dərslik və müasir avadanlıqlarla təmin edilməkdədir. Belə təhsil müəssisələrindən biri, nizam-intizam qaydalarına, təhsil ocağında peşəkar, öz peşəsinin vurğunu olan müəllimlərinə və intelektual şagirdlərinə görə ilin üğurlu məktəbi sayılan Sumqayıt şəhər 11 saylı tam orta məktəbini göstərmək olar.

Qeyd edək ki, Sumqayıt şəhər 11 saylı tam orta məktəbi 1958- ci ildə istifadəyə verilib. İlk 30 ili rusdilli məktəb kimi fəaliyyət göstərib.1989-cu ildən məktəbdə Azərbaycan bölməsi fəaliyyət göstərir. Dövlət proqramı çərçivəsində məktəb 2014-cü ildə əsaslı təmir olunub. Hazırda məktəbə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş İlahə xanım Həsənli rəhbərlik edir. Məktəbdə 2464 şagird, 155 pedaqoji işçi və 32 texniki işçi var. Məktəbdə ingilis və rus dili xarici dil kimi tədris olunur. 2 korpusdan ibarət olan məktəbin geniş və işıqlı sinif otaqları, akt zalı, idman zalı, idman meydançası, informatika otaqları, fizika, kimya, biologiya laboratoriyaları, zəngin kitabxana və yeməkxansı var. Yarım əsrə bərabər tarixi olan məktəbin kollektivi isə hər zaman təhsildə gedən islahatları dəstəkləyir, dövlətin təhsilə olan diqqət və qayğısını yüksək qiymətləndirir, islahat yollarında inamla addımlayırlar.

 

Bu illər ərzində məktəbə rəhbərlik edən İlahə xanım Həsənli məktəbdə təhsilin səviyyəsini həmişə diqqət mərkəzində saxlayaraq və xüsusi qayğı göstərir. Qısa zamanda, özünü həm kollektivə, həm də şagirdlərə sevdirə bilən İlahə xanımın əməyi nəticəsində məktəbin uğurlarının ilbəil çoxalması, sözügedən təhsil müəssisəsinə gələn şagirdlərin sayının artmasına səbəb olub. Elə bu səbəbdən də 11 saylı tam orta məktəb, öz uğurları ilə Sumqayıt şəhərində seçilən təhsil müəssisələrindən biri hesab edilir.

Sözü gedən orta məktəbin peşəkar müəllimləri sırasında olan, şagirdlərinin sevimlisinə çevrilən Nigar xanım Mustafayeva pedaqoji sahədə xüsusi peşə qabiliyyətinə malik olması, ünsiyyət, təşkilatçılığı ilə öz növbəsində seçilən müəllimlər sırasındadır. Nigar xanımın öz həmkarlarına və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibətləri, rəftarı bir çox hallarda başqalarına nümunə olur. Nigar xanım istənilən bir çətin halın yarandığı zaman çıxış yolu tapıb, istər təlimprosesini, istərsə də tərbiyə prosesini düzgün məcraya yönəldə bilən müəllimlərdəndir.

Bu baxımdan şərəfli missiya daşıyıcısı və gənc nəslin mənəvi aləminin memarları olan əziz müəllimlərimizi, 5 oktyabr müəllimlər günü münasibətiklə ürəkdən təbrik edir, onlara gələcək uğurlarının davamlı olmasını arzulayırıq.


N.CƏFƏRLİ

.