Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 15-ci döngənin sakinləri çirkab sularının küçəyə axması səbəbindən bu ərazidə hərəkətin iflic olduğunu və nəfəs almaqda çətinlik çəkdiklərini deyirlər.
Şikayətçilər bildirir ki, ərazidə kanalizasiya xəttinin yararsız vəziyyətdə olması və problemin həlli tələbi ilə dəfələrlə müvafiq qurumlara müraciət ediblər.
"Evlərin həyəti subasmaya məruz qalır, payız və qış aylarında yağış suları məhəllədaxili yolları və küçələri basır, gölməçələrin qurudulması barədə dövlət qurumlarına edilən müraciət isə nəticəsiz qalıb. Yolun bu üzündən o biri üzünə keçə bilmirik. Ərazidəki kanalizasiya xəttinin yağan yağışlara tab gətirməməsi küçəni selə-suya qərq edir. Kanalizasiya xəttinin üstü açıq qaldığı üçün isti günlərdə isə üfunət qoxusundan nəfəs almaq olmur”-,deyə sakinlərdən Əli Quliyev bildirir.
Şikayətçilər adıçəkilən ünvanda kanalizasiya xəttinin yenilənməsini tələb edirlər.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” Tədbirlər Planına əsasən 2012-2013-cü illərdə "Azərsu” ASC Sulutəpə qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmalı idi.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Sulutəpənin adı keçməsə də, Binəqədi rayonu üzrə tədbirlər planında bu rayonun su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub. Plana görə bu işi "Azərsu” ASC icra etməlidir.
Məsələ ilə sorğuya cavab verən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirib ki, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 15-ci döngəsində səhmdar cəmiyyətin kanalizasiya şəbəkəsi yoxdu: "Sakinlərin özləri fərdi qaydada kanalizasiya xətləri çəkiblər. Bir gün tutulur, bir gün açılır. Bununla belə, əməkdaşlarımız sakinlərə dəstək olurlar, həmin ərazidə müəyyən işlər görürlər”.


