"Yeni Zaman" Partiyasının Bəyanatı
“Yeni Zaman” Partiyasının Mərkəzi Şurası iki qardaş xalqın qarşıdurması ilə əlaqədar olaraq narahatlıq ifadə edir. Ukraynanın dinc əhalisi humanitar fəlakətin ərəfəsindədir. Eyni zamanda, Partiya Azərbaycanın Ukrayna mülki əhalisinə göstərdiyi humanitar yardımı alqışlayır.
“Yeni Zaman” Partiyası hesab edir ki, Ukraynanın Qoşulmama Hərəkatina birləşməsi sülhün bərqərar olması istiqamətində vacib bir addım ola bilər. Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH bu gün də öz aktuallığını itirmir. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 üzvü var.
Bu addım Ukrayna prezidenti Vladimir Zelenskinin dəfələrlə elan etdiyi neytrallıq prinsipinə tam uyğundur. Həmçinin bu, Rusiyanın təhlükəsizlik zəmanəti və NATO-nun Şərqə doğru genişlənməsi barədə tələblərinə cavab verir. Hesab edirik ki, belə bir addım bugünkü Ukrayna böhranının həllinə töhfə verə bilər. Hal-hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Ukraynanın mülki əhalisinə humanitar yardım göstərilməsində iştirak edir.
“Yeni Zaman” Partiyasının Ali Şurası, rəsmi Kiyevin razızılıq vediyi təqdirdə, Azərbaycan Respublikasının rəhbərliyindən Ukraynanın bu beynəlxalq təşkilata qəbul olunmasında köməklik gəstərməsini xahiş edir.
Sülhə alternativ yoxdur. Elə bu səbəbdən sülhə nə qədər qısa müddətdə nail olunarsa, bir o qədər insan həyatı qurtulmuş olar.
Musa Ağayev,
"Yeni Zaman" Partiyasının sədri
