Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat ayrılması proqnozlaşdırılır. İnfeksiyanın yayılması ilə bağlı iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək.

Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır. Bu məbləğ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş xəstəxanaların saxlanılmasına yönəldiləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

.