Lerikdə iri və xırda buynuzlu heyvanlar arasında kütləvi vaksinasiya tədbirlərinə başlanılıb. Məqsəd rayon ərazisində heyvanlar arasında yayıla biləcək mövsümi xəstəliklərin qarşısını vaxtında almaqdır.

Vaksinasiya iri və xırdabuynuzlu heyvanlarda qara yara, ev heyvanları arasında isə quduzluq xəstəliyinə qarşı aparılır. Bu günə kimi rayonda 25 mindən artıq iri buynuzlu, 2000-ə qədər təkdırnaqlı heyvana vaksin vurulub. Ümumilikdə vaksinasiya 39 400 baş iri və 3500 baş tək dırnaqlı heyvanı əhatə edəcək.Lerik rayon baytarlıq idarəsinin rəisi Gülmirzə Tağıyevin sözlərinə görə il ərzində mövsümi xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə bir neçə dəfə proflaktik tədbirlər aparılır. 

Bu heyvanların müxtəlif xəstəliklərə tutulma riskini azaldır. Lakin fermerlərə də qara yara xəstəliyinin əlamətləri ilə rastlaşdıqları halda baytarlıq idarəsinə məlumat vermələri xahiş olunur.Heyvanlardan həmçinin bruselyoza qarşı qan nümunələri də götürülüb. Götürülən nümunələrdən hər hansı xəstəlik aşkar olunmayıb. Heyvandarlıqla məşğul olan rayon sakinləri də,təsərrüfatlarında hər hansı bir xəstəliyin qeydə alınmadığını bildirirlər.Mal-qara ilə yanaşı,ev heyvanlarına da quduzluq əleyhinə vaksinlərin vurulması həyata keçirilir. Ümumilikdə vaksinasiya işlərinə rayon ərazisindəki 23 baytarlıq məntəqəsində fəaliyyət göstərən 46 baytar həkim cəlb olunub.


.