Son illərdə 7000-dən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində bu ilin ilk rübündə görülmüş işlərə və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb.

Agentlik sədri bildirib ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bu zaman həqiqi əlilliyi olan şəxslərlə yanaşı, artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır və bu sahədə ən vacib prinsip əlillik dərəcələrinin həqiqətən əlilliyi olanlara təyin olunması, saxta əlilliyin isə aşkar edilərək ləğv edilməsidir.

C.Əbdül-Qədirov deyib ki, əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunması, əlillik təyinatlarının tam şəffaflaşdırılması sosial ədalətliliyin də vacib şərtidir və bu istiqamətdə işlər davam edəcək.

400-dən artıq qaziyə əlillik təyinatı aparılıb

4000-ə yaxın Vətən müharibəsi qazisi ilə görüş keçirilib. 

Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  direktoru Cavid Əbdül-Qədirov mətbuat konfransında bildirib.

O deyib ki, onlardan 600-ə yaxını ağır yaralıdır, 400-dən artıq qaziyə əlillik təyinatı aparılıb.

C. Əbdül-Qədirov qeyd edib ki, əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur: "Qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir. Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır".

Agentlik sədri reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işlərinin davam etdirildiyini bildirib. C. Əbdül-Qədirov fevralda Şağan Reabilitasiya Pansionatının istifadəyə verildiyini, Qəbələ və Şəmkir şəhərlərində tikilən uşaq reabilitasiya mərkəzlərinin isə bu il istifadəyə veriləcəyini deyib.

.