Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın radikal solçulardan ibarət yeni hökumətinin irəli sürdüyü tələblərə münasibət bildirib.
Virtualaz.org saytı xəbər verir ki, yüksək vəzifəli SOCAR rəsmisi Yunanıstanın Azərbaycan qazını daha ucuz almaq barədə tələbini hazırda yerinə yetirmək mümkün deyil. Rəsminin bildirdiyinə görə, əvvəla, bu beynəlxalq praktikaya uyğun deyil.
"Əgər müqavilə 25 illiyə bağlanıbsa və orada qazın qiymətinin ancaq bazarda situasiyanın kəskin dəyişməsi halında dəyişə biləcəyi göstərilibsə, bu tələb nə dərəcədə məntiqə uyğundur? Qazın qiymətinin mümkün dəyişməsi ancaq onun bazara daxil olmasından sonra mümkün ola bilər. Hələlik qaz Yunanıstana çatmayıb və təbii ki, onun qiymətinin dəyişməsindən danışmaq da mənasızdır”- deyə SOCAR rəsmisi bildirib.
Xəbər verildiyi kimi, Yunanıstanın yeni hökumətinin enerji naziri Panayiotis Lafazanis ötən həftə Cənub Qaz Dəhlizinə dair Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya səfər edib. Yunan mənbələri xəbər veriblər ki, nazir Azərbaycan rəsmiləri ilə danışıqlarda TAP kəməri ilə Yunanıstana nəql olunacaq Azərbaycan qazının qiymətinə yenidən baxılmasını, tranzit tariflərinin artırılmasını və DESFA şirkətinin səhmlərinin SOCAR-a satışına dair müqaviləyə yenidən baxılmasını müzakirə edib.
P.Lafazanis Bakıdan dönəndən sonra bildirib ki, Bakıda bu məsələləri TAP konsorsiumunun əsas səhmdarı olan BP şirkəti ilə də müzakirə edib. BP Yunanıstanın tranzit tariflərinin artırılması şərtini müzakirə etməyə hazır olduğunu bildirib. Azərbaycan tərəfi isə bu günə qədər yunan hökumətinin əvvəl bağlanmış müqavilələlərin dəyişdirilməsi tələblərinə reaksiya vermirdi.
SOCAR rəsmisi onu da deyib ki, qazın satış qiymətinin dəyişdirilməsi nə Yunanıstandan, nə Azərbaycandan asılı deyil.
"Bu haqda müqavilə yunan hökuməti ilə "Şahdəniz” konsorsiumunun ixrac üzrə danışıqlar qrupu arasında imzalanıb. Müqavilələlər imzalanandan sonra həmin danışıqlar qrupu da fəaliyyətini dayandırıb, ona görə də indi danışıqları aparmağa tərəf yoxdur”-deyə mənbə bildirib.
TAP kəmərinin Yunanıstandan keçən hissəsində tranzit tariflərinin artırılması barədə tələbə gəldikdə isə SOCAR rəsmisi bu məsələnin Avropa İttifaqı səviyyəsində həll oluna biləcəyini deyib..