Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Türkiye Enerji” İzmirin Əliağa vilayətində yeni istifadəyə verilən tekstil fabriki ilə bağlı planlarını açıqlayıb.
"SOCAR Türkiye Eneji”nin rəhbəri Kənan Yavuz "APA-Economics”ə açıqlamasında bildirib ki, bu günlərdə SOCAR-ın Türkiyədə sahib olduğu "Petrokimya Holdinq”in yeni PTA fabrikinin açılışı olub. O, qeyd edib ki, PTA fabriki tekstil sektoru üçün xammal istehsal edən bir fabrik olacaq: "Türkiyədə tekstil sektoru çox inkişaf edib. Bu gün fabrikin illik istehsalı 70 min ton təşkil edir. Biz istehsal gücünü 105 min tona qaldıracağıq”.
K. Yavuz bildirib ki, fabrikin bütün texnoloji avadanlıqları yenilənib: "Petkim” bu layihəyə 50 milyon dollar vəsait yatırıb. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin də açılışda iştirak edib. Artıq bu fabrikdə istehsala başlanılıb. Bu fabrikin istehsalının böyüdülməsi Türkiyədə yerli tekstil sektorunun xammal ilə təmin edilməsinə daha böyük imkanlar yaradacaq. Bu istehsal Türkiyənin ticarət dövriyyəsinə daha böyük vəsait gətirmiş olacaq”.
"SOCAR Türkiye Eneji”nin rəhbəri qeyd edib ki, "Petkim” öz vəsaitləri hesabına bu yatırımları davam etdirəcək, həmçinin bazarda payını qorumağa və artırmağa çalışacaq.

.