Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlı "Anonim Azərbaycan" hesabatını hazırlamış Global Witness təşkilatının təmsilçisi Tomas Meyn "Amerikanın səsi"nə müsahibə verib. Meyn Azərbaycan cəmiyyətində böyük rezonans doğurmuş araşdırmanın mühüm məqamlarına aydınlıq gətirib.

- Bu hesabatın üzərində nə qədər işləmisiniz və ümumiyyətlə, bu biznes əməliyyatları üzərində araşdırmaya nə rəvac verdi?

- Biz bu sənədin üzərində bir ildir ki, işləyirdik. Azərbaycanda mövcud olan sivil cəmiyyət təşkilatlarının neft sənayesində şəffaflığa çağırışları, bu mövzuda bəyanatları hesabatın hazırlanmasına rəvac verən faktorlardan idi. Hərçənd ki, Azərbaycan EITI (Hasilat Sənayeləri Şəffaflığı Təşəbbüsü) qarşısında öhdəliklər götürüb, şəffaflığın səviyyəsi artmayıb və korrupsiyanın səviyyəsi enməyib. Biz müəyyən etmək istəyirdik ki, görək EITI şəffaflığı artırmaq üçün nə edə bilər. Bunu etmək üçünsə biz situasiyanı nəzərdən keçirməli idik. Bir sıra sənədləri bir araya topladıqdan sonra aşkar etdik ki, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bir biznesmenlə əməkdaşlıq qurub, halbuki bu adamı heç kim tanımır və ARNDŞ onun bu əməliyyatlardakı iştirakının səbəblərini izah etməyib.

- Siz öz tapıntılarınızdan təəccübləndinizmi?

- Bəli. Nəzərə alanda ki, ARDNŞ ilə ən azı 48 biznes sövdələşməsi olan adam haqda çox az məlumat var, bu, təəccüb doğurur. Biz ARDNŞ-ə məktub yazdıq və suallar soruşduq. Niyə məhz bu adam? Onun bu sahədə hansı təcrübəsi var? Təəssüf ki, onlar bizə Anar Əliyevin kimliyi haqda səthi məlumat verdilər. Onlar bizim spesifik suallarımızı cavablandırmadılar. Bu, çox məyusedici idi və bizim hesabatı yazmağımıza səbəblərdən biri də bu oldu.

- Azərbaycan hökumətinin bu hesabata reaksiyası necədir? Onlar burada yazılanları inkar edirlərmi? Sadə Azərbaycan vətəndaşı üçün bu hesabatda əksini tapanlar nə dərəcədə etibarlıdır, ələlxsüsus nəzərə alanda ki, burada biznes mexanizmləri haqda yer alan detalları yerli juralistin əldə etməsi çətin olardı.

- Əvvəlcə onu deyim ki, hesabatda korrupsiya halı iddia olunmur. Biz sadəcə suallar veririk ki, EITI təşəbbüsünə riayət edən ölkədə bunlar necə baş verə bilər. Bu sənəddəki faktların əksəriyyəti istinad olunur. Onların çoxu ictimaiyyətə açıq olan sənədlərdən götürülüb. Azərbaycandakı yox, amma dünya boyu Sinqapur, Dubay kimi yerlərdə ictimaiyyətə açıq olan məlumat bazasından. Bu məlumatları bir araya toplamaq bizə uzun müddət vaxt apardı.

- Bu doğrudan da geniş hesabatdır və dediyiniz kimi, Anar Əliyevin şəxsi üzərində cəmləşib. Bəs Anar Əliyev kimdir? Bu gənc multmilyoner qəfildən necə peyda oldu?

- Elə bunun müəmmalı tərəfi də budur. Abramoviç, Xodorkovski kimi məşhur rus biznesmenlər hamıya tanışdır. Mən əmin deyiləm ki, bu adam onlarla müqayisə edilə bilər. Ən fərqlisi isə odur ki, onun haqqında çox az adam eşidib. Və ARDNŞ bunu cavablandırmayıb. Biz Azərbaycan hökumətinin hesabata reaksiyasını bilmirik. Biz çox çalışmışıq ki, Anar Əliyevlə əlaqə saxlayaq. O, cavab verməyib. Bizə ARDNŞ cavab yazıb və biz o cavabı öz vebsaytımızda yerləşdirmişik. Qoy hamı oxusun görsün ki, bu, nə dərəcədə məqbul cavabdır.
- Azərbaycan Dövlət Neft Şirkəti bp, Statoil və başqa Qərb neft şirkətləri ilə biznes edir. Əslində onun var dövlətinin böyük kəsimi məhz bu əməkdaşlıqdan qaynaqlanır. Tez-tez eşitdiyimiz bəyanatlardan biri də budur ki, Azərbaycanda neft sənayesi şəfaffdır. Bu hesabatın fonunda bu iddialar nə dərəcədə etibarlı səslənir?
- Hər biznes əməliyyatını özü-özlüyündə dəyərləndirmək lazımdır. bp ilə biznes tranzaksiyaları haqda çox şey çap olunub. Söhbət burada kənarda aparılan əməliyyatlardan gedir. Burada böyük şirkətlərin iştirakı yoxdur. Əlbəttə ki, baş verənlər Azərbaycanın şəffaf neft sənayesinə malik oması haqda suallar meydana çıxarır. Azərbaycan özünün şəffaf işlədiyini göstərmək üçün çox işlər görməlidir. Azərbaycan bu neft əməliyyatlarından faydalanan tərəflərin adlarını, bu əməliyyatlara nəzarət edən həqiqi şəxslərin kimliyini açıqlamalıdır. Bu, müsbət addım olardı. Bu, eləcə də EITI-ın təklifidir. İnsanlar təkcə şirkətlərin Azərbaycan hökumətin nə qədər pul verdiyini yox, həmçinin puldan bəhrələnənlərin kim olduqlarını bilməlidir. O zaman Global Witnes kimi təşkilatlar üçün də bu adamları müəyyən etməkdən ötrü bir il araşdırma aparmağa ehiyac qalmaz.

- Siz bu araşdırmaları davam etdirəcəksinizmi?

- Biz EITI-la əməkdaşlıq edirik. Biz şəffaflığın səviyyəsini artırmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq etməliyik və əgər bu, o deməkdirsə ki, biz neft sənayesi ilə bağlı araşdırma aparaq, onda biz öz tapıntılarımızı dərc etməkdən məmnun olardıq. Və ümid edirik ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə dialoq qura biləcəyik.
.