Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında geniş yayılan mövsümi infeksiyalar və əlamətlərini açıqlayıb.

Nazilikdən verilən xəbərə görə, ekspert bildirib ki, hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir. Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var:

Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xəstəliyidir. Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıq kimi şikayətləri olur.

Adenovirus isə hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksion xəstəliyidir. Bu zaman isə şikayətlər hər nə qədər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır. Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntısı, öskürək, gözlərdə qızarıqlıq (konyuktivit) kimi əlamətlər olur.

İnfluenza (qrip) virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Anidən başlayan yüksək hərarət (38°С-39°С), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedişatı əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddəti müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər”.

.