Slovakiya parlamentinin üzvü, bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və Slovakiya-Azərbaycan dostluq qrupunun üzvü Olqa Naxtmannovanın APA-ya verdiyi müsahibəsini olduğu kimi oxucuların diqqətinə təqdim edirik
- Azərbaycana səfərinizin məqsədi nədir?
- Biz Azərbaycan nümayəndələri ilə daha yaxından tanış olmaq məqsədilə bu ölkəyə gəlmişik. Biz Bakının necə göründüyünü görmək istəyirdik. Bu, mənim Bakıya üçüncü səfərimdir. İlk dəfə 2 il bundan qabaq Azərbaycanda keçirilən prezident seçkiləri zamanı müşahidəçi qismində burada olmuşam. Mən Bakının necə sürətlə dəyişməsindən heyrətləndim. Bu şəhər mənim xoşuma gəlir. Çox dinamikdir və həqiqətən görünür ki, Bakı yaşayır.
- Slovakiya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında çox gözəl münasibətlər var. Əməkdaşlığımız üçün heç bir maneə yoxdur. Mən ümid edirəm ki gələcəkdə bütün sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirəcəyik. Mən özüm iqtisadçı olduğum üçün bu, mənim üçün xüsusilə vacibdir. İlk növbədə, hesab edirəm ki, biz təhsil sahəsində əməkdaşlıq yaratmalıyıq. Azərbaycandan Slovakiyaya və əksinə tələbə göndərmək üçün yaxşı imkanlar var. Bundan başqa, Slovakiyanın turizm sahəsində geniş imkanları mövcuddur. Slovakiya ərazisinə görə balaca ölkə olsa da, bizdə çoxlu kurort yerləri var. Slovakiya termal sularla zəngin ölkədir. Azərbaycan Slovakiya üçün energetika sahəsində çox vacib tərəfdaşdır. Bizim enerji mənbələrini diversifikasiya etməyimizə ehtiyac var. Çünki Slovakiyada enerji mənbələri çox azdır. Biz ərazicə balaca ölkəyik və bizim bu cür resurslarımız yoxdur. Slovakiya Azərbaycana su elektrik stansiyalarının tikintisində böyük yardım göstərə bilər. Bizim ölkə bu sahədə böyük təcrübəyə malikdir.
- Slovakiyanın Azərbaycanın nəhəng enerji layihələrində hansısa şəkildə iştirakı planlaşdırılırmı?
- Əlbəttə ki, bizim üçün ən yaxşısı "Nabucco"nun reallaşdırılması olardı. Avropaya daşınacaq qazın diversifikasiyası çox vacibdir. Əgər qaz və digər enerji ehtiyatları bir mənbədən alınarsa, ölkə asılı vəziyyətə düşər.
- Slovakiya ilə Azərbaycan münasibətlərinin inkişafında sizin rolunuz nədən ibarətdir?
- Mən özüm Slovakiya-Azərbaycan dostluq qrupunun üzvüyəm. Bir qədər Azərbaycan tarixi ilə tanış olmuşam. Daha əvvəl səfərlərimdə də Azərbaycanda insanların necə yaşadığını görmüşəm. Demək istəyirəm ki, düşündüyümdən daha çoxunu burada görmüşəm.
- Slovakiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Mən daim təkrarlayıram ki, beynəlxalq hüququn bütün normalarına əməl olunmalıdır. Bütün dünyada bizim üçün ərazi bütövlüyü ən vacib məsələdir.
- Azərbaycan bu il ilk Avropa Oyunlarına ev sahibliyi etməyi planlaşdırır. Sizin fikrinizcə, bu, Azərbaycana hansı üstünlükləri verəcək?
- Mən hesab edirəm ki, bu kimi tədbirlərlə insanlar Azərbaycanın necə dinamik, müasir ölkə olduğunu biləcəklər. Bu, onu göstərəcək ki, gələcəkdə Azərbaycan bir çox sahələrdə, o cümlədən idmanda vacib rol oynaya bilər. Mən Azərbaycana onun gələcək inkişafında uğurlar arzulayıram.