Slovakiya növbəti ildən etibarən Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almağı planlaşdırır.

Slovakiya mediası xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Denisa Sakova Şuşada Azərbaycan tərəfi ilə danışıqlardan sonra bildirib.

Sakovanın sözlərinə görə, Azərbaycan Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinə təbii qazın tədarükü üzrə beş və onillik müqavilələr təklif edir.

Hazırda respublika hasil etdiyi qazın təxminən yarısını daxili bazarda istehlak edir, qalan hissəsini isə ixrac edir. Lakin hasilatın artırılmasına investisiya yatırılması üçün Bakıya uzunmüddətli müqavilələr lazımdır.

"Söhbət 2027-ci ildən sonra, artıq Rusiyadan qaz idxal etməyəcəyimiz dövrdə, Azərbaycandan ildə təxminən 1,2 milyard kubmetr qaz tədarükündən gedir", - nazir qeyd edib.

O bildirib ki, sabah Bakıda Slovakiyanın SPP qaz şirkətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi ilə danışıqlar aparacaq. Denisa Sakova vurğulayıb ki, Slovakiya uzunmüddətli əməkdaşlıqda maraqlıdır və öz texnologiyalarını və təcrübəsini Azərbaycana təklif etməyə hazırdır.

Bundan əlavə, səfər zamanı Azərbaycan tərəfi Slovakiya nümayəndə heyətinə Özbəkistan, Qazaxıstan və Azərbaycandan elektrik enerjisinin Türkiyə vasitəsilə Avropaya tranziti üçün enerji dəhlizi layihəsini təqdim edib. Sakovanın qiymətləndirməsinə görə, bu layihə Avropa bazarı üçün əhəmiyyətli potensiala malikdir.

.