Azərbaycanda siyasi partiyalarla bağlı maliyyə pozuntularına yol verənlərlə bağlı yeni cərimələr tətbiq olunacaq.
Bnunla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir.
Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunla qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən qəbul edilməsinə görə vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə ediləcək.
Siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsdən il ərzində "Siyasi partiyalar haqqında” qanunla müəyyən edilmiş məbləğdən (dəyərdən) artıq üzvlük haqqının və ya ianənin qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) 80 faizindən 100 faizinədək məbləğdə cərimə olunacaq.
Siyasi partiyanın Azərbaycanın hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə vəzifəli şəxslər 1 500manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.
Siyasi partiyanın "Siyasi partiyalar haqqında" qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin 60 faizindən 80 faizinədək məbləğdə cərimə olunacaq.
.