Macarıstan Avropa İttifaqının 2026-cı ildə qüvvəyə minən miqrasiya paktının şərtlərinə əməl etməyəcək, baxmayaraq ki, bunun üçün hər gün 1 milyon avro cərimə ödəməlidir.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün feysbuk səhifəsində yazıb.
O, hökumətin bir dənə də olsun qanunsuz miqrantı öz ərazisinə buraxmayacağını vurğulayıb:
"Biz 2026-cı ildə buna yox deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrantları, paralel cəmiyyətləri istəmirik və Milad bayramlarını qorxu içində keçirmək istəmirik", - nazir bildirib.
Siyarto beləliklə, 2024-cü il dekabrın 20-də Maqdeburqda Milad bazarında 50 yaşlı səudiyyəlinin maşınla insanların üzərinə sürdüyü terror aktını xatırladıb. Hücum nəticəsində 6 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Bu cinayətin nəticələri Avropada hələ də hiss olunur: bu il bir çox ölkələrin hakimiyyət orqanları Milad bazarlarında gücləndirilmiş təhlükəsizlik tədbirləri görməyə məcbur olub.
Nazir qeyd edib ki, Asiya və Afrika ölkələrindən gələn miqrantlara qapılarını geniş açan bir çox Aİ ölkələrində təhlükəsizlik vəziyyəti o dərəcədə pisləşib ki, bu, artıq sosial çərçivələri təhrif edir.
Onun fikrincə, onlar gərginliyin öhdəsindən gələ bilmirlər və indi miqrasiya axınını başqa ölkələrə bölüşdürməyə çalışırlar.
.
