Sitrusçuluğun geniş yayıldığı Lənkəran-Astara rayonlarında son günlər müşahidə olunan şaxtalı havalar fermerləri narahat edir. Yaxşı gəlir əldə etmək istəyən bəzi təsərrüfatçılar xüsusilə limonu hələ də ağaclarda saxlayıblar ki, qiymətlər yüksələndə satsınlar. Amma havaların belə şaxtalı keçməsi qazancları bu sahədən olanları daha ehtiyyatlı davranmağa sövq edir.Qış fəslində fermerlər sitrus ağaclarını və meyvələri mühafizə etmək üçün polietilen örtüklərdən istifadə edirlər. Lakin bu örtüklər də ağacları və meyvələri müəyyən şaxtaya qədər mühafizə edir. Ondan aşağı temperatur qeydə alındıqda isə mütəxəssislər qabaqlayıcı tədbirlər görməyi tövsiyyə edir.
Fermer Elşad Höccətov: "Müxtəlif sitrus növlərinin ağacları 5-7 dərəcə şaxtaya qədər dözsə də meyvələr daha həssasdır. Meyvələr -1 dərəcə temperaturdan aşağı məhv ola bilərlər.”
Bu səbəbdən də təsərrüfatçılara ehtiyyatlı davranıb ikiqat örtüklərdən istifadə etmək tövsiyyə olunur ki, aradakı hava təbəqəsi şaxtanı içəri buraxmasın. Bu cür örtük 6-7 dərəcə şaxtaya qarşı dözümlülük yarada bilir. Ondan aşağı temperaturda isə təcrübəli təsərrüfatçılar artıq digər vasitələrdən istifadə edirlər
Fermer Şıxəli Kazımov: "Odun sobasından, "opilka" sobasından istifadə edirik. Amma tüstü borusun çölə çıxarmaq lazmıdır. Tüstü içəri dolsa ağacı da meyvələri də məhv edər.”
Gündüzlər isə içəridə temperatur çox yüksəlməsin deyə istixana hər iki tərəfdən açılıb havalandırılır.
Fermer Şıxəli Kazımov: "Əgər gecə biz ona o istiliyi verdik sonra gündüz ağzın açmadıq. Tərləyəcək. Sonra axşam yenidən donub ağacları yandıracaq.”
Hazırda sitrus təsərrüfatlarında limon, kinkan qismən də portağal meyvəsi ağacların üzərində saxlanılır ki, yanvar, fevral aylarında qiymətlərin daha baha olduğu vaxtda satılsın. Fermerlərin bir çoxu əsas gəlirlərini məhz bu vaxt əldə edirlər.
