Pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində 1 yanvar 2023-cü il tarixinədək 41,4 milyon manat, o cümlədən 2022-ci il ərzində 26,1 milyon manat subsidiya ödənilib.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişaf Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev SİF-ın 2022-ci ilin nəticələrinə dair mətbuat konfransında deyib.

"Pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi də ötən il davam etdirilib. Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10 faiz bəndi həcmində subsidiyalar verilib. Proqram çərçivəsində 1 yanvar 2023-cü il tarixinə kreditlərin qalıq məbləği 877,94 milyon manat olan 5 052 müraciətə 71,9 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib ki, artıq bu məbləğin 68,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir", - O.Xaliyev əlavə edib.

.