Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Proses haqqında Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.
Məhkəmə zərərçəkən "Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənovun epizodu üzrə davam edib.
O, istintaqa ifadəsində bildirib ki, şəriki Səhrab Allahverdiyevdən şübhələndiyi üçün MTN-ə şikayət edib. Daha sonra o, özü MTN-in əlinə keçib. Belə ki, MTN-də ona təzyiq edilib. Oğlu və özünün həbs ediləcəyi bildirilib. Ondan 400 min dollar və ofisini istəyiblər. O da razılaşıb.
Sərhab Allahverdiyev isə istintaqa ifadəsində qeyd edib ki, şərikinin şikayəti üzrə MTN-ə çağırılıb. Ondan 1 milyon pul tələb olunub. Yalnız 1 milyon pulu olmadığını bildirib, tərəflər 500 min dollara razılaşıblar.
Məhkəmədə ifadə verən Səhrab Allahverdiyev isə belə deyib: "Mənimlə bağlı çalışdığım gəmi təmiri ilə məğul olan "Texmarin LTD" şirkətini Arif Həsənov şikayət etmişdi. Şikayətində demişdi ki, güya biz İŞİD-in üzvüyük. Amma o və onun oğlu salamat adam deyil. Onlar gəmilərdən yağı oğurlayıb yerinə su tökürdülər. Liftə kamera qoyub qadınları güdürdülər. Oğlu qadınlardan birini zorlamışdı".
Zərərçəkən şəxs qeyd edib ki, Arif Həsənovun şikayətindən sonra o, nazirliyə çağırılıb. Lakin orada hər hansı təzyiq olmayıb.
O, istintaqa verdiyi ifadəni təsdiqləməyib.


.