“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionunda vəziyyət və regiondakı vəziyyətlə bağlı müzakirələrin davamı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb. Prezident Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb”.
Yenizaman.az xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının rəsmi saytında yer alıb.
Qeyd olunub ki, Mişel bütün həll edilməmiş humanitar məsələlərin, o cümlədən qalan məhbusların azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həllinin tam və tez həllinin zəruriliyini vurğulayaraq Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirib. Aİ eyni şəkildə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.
Prezident Mişel həm Prezident Əliyevin, həm də Baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılıb. Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının çağırılması da razılaşdırılıb.
Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi.
Prezident Mişel həmçinin vurğulayıb ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.
“Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda, Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazırdır. Liderlər görüşlərinin nəticələrini izləmək və əlaqədə qalmaq barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.
.
