ABŞ-a qarşı həyata keçirilən cavab zərbələri ona dərs olmalıdır.

“Al Jazeera" xəbər verir ki, bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Açıqlamada bildirilir ki, ötən gecə ABŞ ordusu Hörmüz boğazı yaxınlığında İran neft tankerinə hava zərbəsi endirib və nəticədə tankerin mühərrik bölməsi zədələnib.

“Bu təcavüz aktına və Hörmüz boğazında qüvvədə olan qaydaların pozulmasına cavab olaraq, Amerikanın və İsrailin gəmisi sayılan ‘Panaya’ adlı gəmi SEPAH Hərbi Dəniz Qüvvələrinin raketləri ilə hədəfə alınıb”, – bəyanatda qeyd olunub.

Açıqlamada daha sonra bildirilib ki, ABŞ hərbçiləri Qeşm adasında yerləşən SEPAH-a məxsus rabitə qülləsini vurublar.

“Buna cavab olaraq, SEPAH Aerokosmik Qüvvələri region ölkələrindən birində yerləşən hava və helikopter bazasına, eləcə də ABŞ Beşinci Donanmasının qərargahına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, – məlumatda vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Hörmüz boğazının təhlükəsizliyinin pozulması ABŞ ordusu üçün ağır nəticələr doğuracaq.

"Biz əvvəllər xəbərdarlıq etmişdik ki, istənilən təcavüz daha sərt və fərqli cavabla qarşılanacaq və biz buna uyğun hərəkət etdik. Bu cavablar dərs olmalıdır”, - SEPAH əlavə edib.

.