Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mübahisələri olub.

Bunu APA-nın əməkdaşına mərhumun atası Elman Orucov deyib. Onun sözlərinə görə, son vaxtlar qızının ailəsində problemlər yaranıb. Qətl söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə olub.

Qeyd edək ki, hər iki şəxs yaxın qohum olub.

***

Şəmkirdə qadın əri tərəfindən qətlə yetirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

.