Biz Avropa Şurası Parlament Assambleyası ilə konstruktiv əməkdaşlığa hər zaman hazırıq.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, AŞPA-dakı hadisələr bizim təşəbbüsümüz əsasında baş verməyib.

“Onlar Azərbaycana qeyri-obyektiv münasibət bəsləyiblər”, – deputat vurğulayıb.

S.Səmədov qeyd edib ki, Avropa Şurası yalnız AŞPA-dan ibarət deyil.

“Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsi və digər başqa qurumlar var. Sevindirici haldır ki, AŞPA-nın Baş katibi Azərbaycandadır. Onlar nə qədər tez dərk edəcək ki, onun içərisində ümumi bölüşdüyümüz dəyərləri sui-istifadə edib ölkələrə təzyiq göstərirlər, onlara qarşı qeyri-obyektiv addımlar atırlar, bir o qədər tez AŞPA-nın içərisində böhran öz həllini tapa biləcək”, – o bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır:

“Ancaq bir halda ki, milli maraqlarımızı qoruyub saxlamaq şərti ilə və qarşılıqlı hörmət əsasında. Bu, çox sadə prinsiplərdir. Lakin, təəssüf ki, müasir dünyada onları qorumaq, saxlamaq çox çətin və bəzi təşkilatlar üçün işə çevrilib. AŞPA-nın içərisində bəzi insanlar, qurumlar, dövlətlər məhz bu yolu tutublar. Ona görə də böhran içərisindədirlər. Bu məsələləri həll etsələr, Azərbaycan əməkdaşlıq etməyə, əlaqələr qurmağa hər zaman hazır olub, bundan sonra da hazırdır”.

.