"Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb".
Bunu "Əmək bazarı: islahatlar və perspektivlər" mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, hazırda daha yüksək səviyyədə təhsili olan, ixtisaslı kadrlara ehtiyac var: "Ölkədə əmək ehtiyatlarının keyfiyyət tərkibini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisas səciyyəsidir. 2010-cu ildən başlayaraq əmək miqrasiyası üçün kvota sistemi tətbiq olunmağa başlandı. Kvotanın tətbiqi ilk növbədə ixtisaslı kadrların Azərbaycana cəlb edilməsi, eləcə də ölkə daxilindəki əmək resurslarından maksimum səviyyədə, daha geniş istifadə olunmasına və onların ixtisasının artırılmasına diqqətin yönəldilməsidir".
S.Müslümov qeyd edib ki, nazirliyin "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya" sistemində qeydə alınmış muzdlu işçilərin 37.5 faizi ali təhsilli, 37.5 faizi orta təhsillidir, 22.3 faizi orta ixtisas təhsillidir.
"Əmək bazarının əsas problemlərindən biri işsizlər arasında qadın və gənclərin payının yüksək olmasıdır".
Bunu da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, 2005-2016-cı illər ərzində Azərbaycanda məşğul əhalinin sayı 17.2 faiz artıb: "Bu göstərici tikinti, turistlərin yerləşdirilməsi, ictimai iaşə, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti sahələrində daha sürətlə artıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində isə nisbətən azalma ilə müşahidə edilib".
S.Müslümov qeyd edib ki, 2016-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM 3926 ABŞ dolları təşkil edib və Azərbaycan dünyada yüksək orta gəlirli ölkə qrupunda qərarlaşıb: "2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1.4 milyonu daimi olan 1.9 milyon yeni iş yeri açılıb".
Nazir xatırladıb ki, Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər ÜDM -də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
