Müəllimlərin etiraz etdiyi Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb:

"Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin müəllimlərinin məktəb direktoruna etiraz edərək dərsə girməməsi ilə bağlı görüntü yayılmışdı. Etirazın əsas səbəbi ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtması olub.

.