
Maliyyə Nazirliyi 2015-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına dair açıqlama yayıb.
Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, 2015-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3938,8 milyon, xərcləri isə 4198,8 milyon manat olub. 251,0 milyon manat isə büdcə kəsiri (defisit) yaranıb.
Bu müddət ərzində dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz və yaxud 4189,8 mln. manat icra olunub. Belə ki, dövlət büdcəsi xərclərinin 33 faizi və yaxud 1380,6 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.
Funksional təsnifata uyğun olaraq 2015-ci ilin üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,2 faiz (96,5 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 13,0 faiz (7,7 mln. manat), səhiyyə xərclərinə 7,0 faiz (7,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 0,7 faiz (3,6 mln. manat) çox vəsait yönəlib.
Cari ilin üç ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 milyon, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 911,6 milyon manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 10,2 milyon manat əsait sərf edilib.
Cari ilin 1-ci rübündə dövlət büdcəsində 251,0 milyon manat kəsir yaranıb, bu da mövcud qanunvericiliyə uyğun olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.