Səhiyyə qurumları virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri barəsində vətəndaşlara çağırış etdi.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yataq rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq.

Qeyd edək ki, 24 yanvardan Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə azaldılır.

.