Prezident İlham Əliyev Səhiyyə Sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanın məqsədi səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsidir.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” (bundan sonra – Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib. Səhiyyə Nazirliyinə öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” (bundan sonra – Qurum) publik hüquqi şəxsi yaratmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

“İnnovasiya və Təchizat Mərkəzi”nin təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlirlər, icbari tibbi sığorta sistemindən daxil olan vəsait, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına icra olunur.

“Səhiyyənin Təminat Mərkəzi”nin təsisçisinin səlahiyyətlərini isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.

Səhiyyə Nazirliyinə qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etmək, qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

TƏBİB isə mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində təsdiq etməli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

“İnnovasiya və Təchizat Mərkəzi” soyuq zəncir texnologiyalarına uyğun şəraitdə saxlanılması zəruri olan dərman vasitələri üçün balansındakı anbarlardan Səhiyyə Nazirliyinin ödənişsiz istifadəsini təmin etməlidir.

Fərmanda, həmçinin Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

.