Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi restoran və kafelərdə, ictimai iaşə mərkəzlərində yoxlamalar aparıb.
Aparılan yoxlamalar zamanı bəzi yeməkxanaların əhaliyə təklif etdiyi yeməklərdə insan orqanzmi üçün zərərli ola biləcək bakterioloji çirklənmə aşkarlanıb.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Nazirlikdən deyiblər ki, yaz-yay mövsümündə qida zəhərlənməsi halları artır. Ötən ay 53 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 63 nəfər zərər çəkib. Həmçinin 1 botulizm zəhərlənməsi baş verib, 3 nəfər zəhərlənib.
Nazirlikdən cərimələrin tətbiq edilməsinə, inzibati tədbirlərin görülməsinə baxmayaraq hələ də nöqsanlara rast gəlindiyini deyiblər.
Qeyd edək ki, yoxlamalar zamanı nöqsanlar aşkarlanmış 50-dən artıq müəssisə rəhbərinə qarşı cərimə tətbiq edilib, 10-a yaxın obyektin fəaliyyəti dayandırılıb.
Şadlıq evləri və iaşə müəssisələrindən götürülən nümunələrdə mikrobioloji çirklənmə aşkar edilib.
Nazirlik təklif edilən yeməklərin təzə olmasına diqqət yetirilməsini, ərzaqların saxlama və hazırlanması şəraiti ilə maraqlanmalarını, ev şəraitində isə qidaların saxlama qaydalarına riayət edilməsini tövsiyə edir.

.