Azərbaycanın Rusiyadakı Səfirliyi Novosibirsk şəhərində polis əməkdaşının silahla qətlə yetirdiyi 19 yaşlı azərbaycanlı barədə məlumat yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən xəbərə görə, faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət olunub.

“Bu ilin 28 may tarixində Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, mayın 28-də Novosibirsk şəhərində Dövlət Yol Polisi əməkdaşı tərəfindən azərbaycanlı Vəkil Abdullayev silahla başından atəş açılaraq qətlə yetirilib. Sosial şəbəkələrdə baş vermiş hadisənin yayılan görüntüləri zamanı yol polis əməkdaşının Vəkil Abdullayevə qarşı kobudluq etdiyi, onun qollarını buraraq polis avtomobilinə söykədiyi zaman tabel silahı ilə ona atəş açdığı görünür. Başından ağır yaralanan həmyerlimiz mayın 30-da xəstəxanada vəfat edib.

.