Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun "Report" agentliyinə müsahibəsi

- Azərbaycan iləBƏƏ arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? Hazırda iki ölkə arasında ticarət dövriyyəsi nə qədərdir və dövriyyənin artırılması üçün gələcəkdə hansı işlərin görülməsi planlaşdırılır?

- Böyük potensiala malik olan Azərbaycan - BƏƏ iqtisadi əlaqələri sürətlə inkişaf edir. Dubay Ticarət Palatasının məlumatına əsasən, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 221 mln. ABŞ dolları təşkil edib, bu da 2016-ci illə müqayisədə 3,5 dəfə çoxdur. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər kimi BƏƏ-nin Azərbaycanda istehsal olunan mallar üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, müxtəlif tədbirlərdə iştirakı, böyük turist axınını göstərmək olar. Onu da bildirmək istərdim ki, beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı da ticarət mübadiləsinin artmasına təsirli təkan verən amillərdəndir. Belə ki, 2017 və 2018-ci illərdə ölkəmiz "Gulfood 2017”, "Arabian Travel Market”, Abu Dabidə keçirilmiş "İslam Həmrəyliyi ili - istiqamət Azərbaycan" sərgilərində, Şeyx Zahid İrsi Festivalında təmsil olunub. Həmçinin, əmirliklərdən olan sənaye şirkətləri Bakıda keçirilmiş "REC Expo” daşınmaz əmlak sərgisində də iştirak ediblər. Azərbaycanın bir neçə ticarət nümayəndəliklərindən birinin gələcəkdə BƏƏ-də açılması bu işlərin daha yüksək nəticələr verəcəyini deməyə əsas verir.

-Bu il "Etihad Airways” Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayıb.Bu bizim turizm əlaqələrimizə necə təsir edir?

- Ölkəmizin turistik cəlbediciliyi daha da artır və bu gün on minlərlə BƏƏ turisti ölkəyə səfər edir. BƏƏ-dən olan böyük turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, ikitərəfli əlaqələrə də müsbət təsir edir. Rəsmi statistikaya görə 2015 -ci ildə 2 500, 2016-cı ildə 75 000, 2017-ci ildə 102 000, 2018-ci ilin 6 ayında 100 000 min nəfərə yaxın turist BƏƏ-dən Azərbaycana səfər edib. Bu da 2015-ci il ilə müqayisədə 40 dəfədən çoxdur. BƏƏ mətbuatında dərc olunmuş məlumata əsasən, "Google" şirkətinin rəsmi açıqlamasında Azərbaycan xaricə səfər etmək üçün BƏƏ-dən axtarışa verilən ölkələr sırasında 5-ci yer tutub. Turizm və ticarət sahəsində aparıcı şirkət sayılan "TRAVELPORT" tərəfindən aparılmış tədqiqatlara əsasən isə 2018-ci ilin birinci rübündə Azərbaycan BƏƏ səyahətçiləri tərəfindən ən çox səfər edilən iki ölkədən biri olub. Həmin müddət ərzində GDS (Global Distribution Systems) qlobal şəbəkəsinə Azərbaycana səfər etmək üçün daxil olmuş sifarişlərin sayı keçən ilə nisbətən 50% artıb. Digər mənbələrdən əldə etdiyimiz statistik məlumatlar sözügedən rəqəmi təsdiqləyir. Bütün bu faktları nəzərə alaraq, 2018-ci ilin sonuna kimi BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının 150 min nəfəri keçəcəyini proqnozlaşdırmaq olar. BƏƏ vətəndaşlarına Azərbaycana səfər etmək üçün sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi Əmirliklərdən olan turistlərin sayının kəskin atmasına səbəb olub. Belə ki, hazırda BƏƏ vətəndaşları Azəbaycana səfər etmək üçün vizanı elektron qaydada və ya ölkəmizin beynəlxalq hava limanlarında əldə edə bilirlər. Bununla yanaşı, cari ilin iyul ayından başlayaraq BƏƏ-nin rezident vizasına sahib olan bütün əcnəbilərə vizalar ölkəmizin hava limanlarında rəsmiləşdirilir. Bu sözügedən kateqoriyadan olan turistlərin sayının artmasına xidmət edir.

Ölkələrimiz arasında birbaşa uçuşların sayca artması turizmin inkişafına müsbət təsir edir. Bildiyiniz kimi, 2017-ci ilin mart ayında BƏƏ-nin "Air Arabia” şirkətinin Şarja-Bakı, Şarja-Qəbələ, 2018-ci ilin mart ayında isə "Etihad” hava yollarının Abu Dabi-Bakı marşrutu üzrə birbaşa reysləri açılıb. Bu uçuşlar ölkələrimiz arasında hava əlaqəsini təmin edən AZAL və "FlyDubai” şirkətlərinin uçuşlarına əlavə olunub. Həftədə üç dəfə olmaqla, uçuşlara başlayan "Etihad” hava yolları tələbin çoxluğuna görə artıq təyyarələrini daha böyük model ilə əvəzləyib və uçuşların sayını həftədə 6 dəfəyə çatdırıb. Ümumilikdə, BƏƏ-dən Azərbaycana uçuşların sayı həftədə 50 dəfəyə yaxındır və bu da 2015-ci il illə müqayisədə 7 dəfədən çoxdur. BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqları, birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırır. Məhz bu baxımdan, Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə uçuşların açılması turist mübadiləsinin artmasına xidmət edə bilər.

- Azərbaycan ilə BƏƏ arasında qarşıda hansı ikitərəfli görüşlər və səfərlər olacaq? İki ölkə arasında hökumətlərarası iqtisadi komissiyanın iclası nə zaman keçiriləcək?

- Əbu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın Azərbaycana səfərinin təşkil olunması üçün işlər davam etdirilir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, energetika naziriPərviz Şahbazovun,Milli Məclisnümayəndə heyətinin BƏƏ-yə səfərləri, həmçinin iki ölkə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulur. İl ərzində iqtisadi sahəyə aid bir sıra tədbirlərin də həyata keçirilməsi planlaşdırılır.

Hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının da ilin sonuna qədər keçirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

-Gələcəkdə qarşılıqlı sərmayə qoyuluşu istiqamətində hansı addımlar gözlənilir?

- Bir sıra Körfəz ölkələrindən olan sərmayədarlar Azərbaycanda inşaat və daşınmaz əmlak sahəsinə sərmayə yatırırlar. Fikrimizcə, BƏƏ-li iş adamları üçün də Azərbaycanda daşınmaz əmlak, infrastruktur, turizm sahəsində 3, 4 və 5 ulduzlu mehmanxanaların inşası, eyni zamanda kənd təsərrüfatı cəlbedici sahələrdəndir. Məlum olduğu kimi, BƏƏ kənd təsərrüfatı və ərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. Bununla yanaşı, Körfəz ölkələrinin idxal etdiyi eyni məhsullar da Dubay şəhərinin logistik imkanlarından istifadə edilməklə daşınır. Əksər iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün münbit şərait var. Hazırda məhsullarımız BƏƏ-də sevilir və ərəb turistlərini Azərbaycanda cəlb edən amillərdən biri də ərzaq və zəngin mətbəximizdir.

Səfirlik Azərbaycanda sərmayə imkanlarının təşviqi məqsədilə keçirdiyi görüşlərdə BƏƏ-li investorları Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə yatırmağa və öz kapitalları ilə yetişdirilən məhsulları BƏƏ-yə idxal etməyə təşviq edir. Xam məhsulun BƏƏ-yə daşınaraq buradakı azad ticarət zonalarında, yaxud Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında yaradılmaqda olan azad iqtisadi zonada emal edilməsi və hazır məhsul kimi üçüncü ölkələrə ixrac edilməsi məqsədilə birgə müəssisələrin yaradılması da perspektivli sahələrdəndir. Eyni zamanda, BƏƏ sərmayədarlarının Bakı ətrafında azad iqtisadi zonaların yaradılmasına, Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına cəlb edilməsi perspektivli görünür. Məhz bu səbəbdən hazırda BƏƏ iş adamları Azərbaycanın daşınmaz əmlak, kənd təsərrüfatı, turizm, qida məhsullarının emalı sahələrinə, həmçinin Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına maraq göstərirlər.

- Qeyd etdiniz ki,BƏƏ iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sahəsinə marağı var. Bu bazarda hansı Azərbaycan mənşəli kənd təsərrüfatı məhsulları satılır və tələbat necədir?

- Birləşmiş Ərəb Əmirliklərinin ən tanınmış hipermarketlərində Azərbaycanda istehsal olunmuş meyvə, tərəvəz və ət məhsullarına rast gəlmək olar. Yüksək keyfiyyəti ilə seçilən bu məhsullar yerli əhali arasında çox məşhurdur. Hətta BƏƏ-də fəaliyyət göstərən bəzi restoranlar Azərbaycandan gündəlik olaraq ət və meyvə-tərəvəz məhsulları ilə təchiz olunur. Təbii ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı mallarının həm çeşid, həm də kəmiyyət baxımından artırılması üzərində hərtərəfli iş aparılır. BƏƏ bazarında Azərbaycanın meyvə-tərəvəz və meyvə şirələri, mineral sular və digər sərinləşdirici içkilər, ət və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş məhsullar və digər kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub. Lakin BƏƏ-nin qida məhsullarının demək olar hamısını idxal etdiyini və bu məhsulun böyük hissəsinin də olduğu və ya emal olunmuş şəkildə regionun digər ölkələrinə təkrar ixrac edildiyini nəzərə alaraq, ölkəmizin məhsularının bu bazarda mövqelərinin genişləndirilməsi üçün daha böyük imkanlar var.

Azərbaycan istehsalı olan malların BƏƏ bazarında təşfiq edilməsi üçün Azərbaycandan olan ixrac missiyaların cari ildə də Dubaya səfəri planlaşdırılır. Bu gün Azərbaycanda Dubay bazarına çıxmaq istəyən çox sayda orta və kiçik müəssisələr var və buna görə də sözügedən ixrac missiyasında 30-dan çox Azərbaycan şirkətinin iştirakı gözlənilir. İxrac missiyalarının yerli istehsalçıların iştirakı ilə əsas məqsədi "Made in Azerbaijan" milli brendinin BƏƏ bazarlarında təşviqindən ibarətdir.

.