"Türkiyə, Azərbaycan və İranın əməkdaşlığı regional sabitliyin inkişafına kömək edir".
Bu barədə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Derioz bildirib.
"Biz həm Azərbaycanla, həm də İranla münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Bu yaxınlarda Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirlərinin qarşılıqlı fəaliyyət mexanizmi yaradılıb ki, bu da üçtərəfli formatda regional məsələlər üzrə fikir mübadiləsi aparmağa imkan verəcək. Biz bu istiqamətdə gələcəkdə də əməkdaşlığımızı davam etdirmək istəyirik", - Hüseyn Derioz bildirib.
O həmçinin qeyd edib ki, təyyarə hadisəsindən sonra Azərbaycan Rusiya ilə Türkiyə münasibətlərinin normallaşmasında böyük rol oynayıb: "Hər iki dövlətin etimadını qazanmış Azərbaycan kimi qardaş ölkənin köməyi ilə Rusiya-Türkiyə münasibətindəki blokların aradan qaldırılması mümkün olub".
Səfirin fikrincə, ölkələr arasında münasibətlərin səviyyəsi iqtisadi əməkdaşlığı inkişaf etdirməyə kömək edir.
"Türkiyə və Azərbaycan, Rusiya və Türkiyə, Rusiya və Azərbaycan arasında mövcud güclü əlaqələr, bu üç ölkənin hökumətinin iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək niyyəti qarşıdakı dövrdə türkiyəli və azərbaycanlı sahibkarların Rusiyada olan layihələrin reallaşdırılmasını təmin edəcək ən mühüm amillərdən biridir. Türkiyə və Azərbaycan şirkətləri Rusiyada kifayət qədər mühüm layihələr təsdiq edib. Hər iki ölkənin sahibkarları Rusiya ilə yaxşı tanışdır", - Hüseyn Derioz bildirib.
Səfir buna əsaslanaraq Rusiyada Türkiyə və Azərbaycan şirkətlərinin daha sıx əməkdaşlığını təklif edir: "Azərbaycan və Türkiyə şirkətləri xarici investorlar üçün potensiala malik olan Rusiya Federasiyasının bir çox sektorunda birgə layihələr inkişaf etdirə bilər".(report)
.
