Bu gün ölkənin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür.

 Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılıb.

Qurum bu gün səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir çox xidmət sahəsini özündə birləşdirir.

Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir.

Dövlət Xidmətinin qarşısında dayanan əsas prioritetlərdən biri də vətəndaşlarla əyani təmasın minimuma endirilməsidir. Bu səbəbdən də hazırda Dövlət Xidmətinin təqdim etdiyi 6 növ arayış “MyGov” platforması üzərindən vətəndaşlara təqdim olunur.

.