Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə məktub ünvanlayıb.

Bu barədə Ombudsman Aparatından  məlumat verilib.

Məktubda deyilir ki, Ermənistan və Azərbaycan arasında münaqişə 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən başa çatıb: "30 ilə yaxın davam edən bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında qalmış və bir milyondan çox azərbaycanlı böyük humanitar fəlakətlə üzləşərək torpaqlarından zorla didərgin salınmışdır". 

Qeyd olunub ki, fəaliyyətə başladığı ilk vaxtlardan Azərbaycan Ombudsman təsisatı doğma yurdlarına qayıda bilməyən, ölkəmizin müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan insanların hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar təşkilatınızı mütəmadi olaraq məlumatlandırıb: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan torpaqlarının işğal olunması faktı açıq şəkildə göstərilərək pislənilir və Azərbaycan ərazisində çox sayda mülki şəxsin didərgin düşməsinə münasibətdə ciddi narahatlıq ifadə olunur. Bu sənədlər işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir və müvafiq beynəlxalq qurumları azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz, şərəf və ləyaqətlə qayıtması prosesində onlara yardımçı olmağa çağırır. Buna baxmayaraq, qeyd olunan qətnamələrin icrası və məcburi köçkünlərin torpaqlarına qaytarılmasında köməklik göstərilməsi ilə bağlı tərəfinizdən Ermənistan hakimiyyət orqanlarına hər hansı bir çağırış cəhdinin şahidi olmamışıq.

Hətta Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarında münaqişə nəticəsində torpaqlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlılar qarşısında Ermənistanın öhdəliklərini xatırladır. Məhkəmə vurğulayır ki, Azərbaycanın işğal olunmuş ərazilərində olan erməni və ermənilər tərəfindən dəstəklənən digər silahlılar azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına əngəl törədir. 

Ermənistan tərəfindən altı il ərzində girov saxlanılmış Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətini dəfələrlə nəzərinizə çatdırmışıq. Həmin şəxslər doğma torpaqlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz olaraq girov götürülmüş, işgəncə və pis rəftara məruz qalıblar. Bununla əlaqədar olaraq, müvafiq beynəlxalq qurumlara, o cümlədən sizin təşkilatınıza hesabat və bəyanatlar göndərilib. Təəssüflər olsun ki, sizin tərəfinizdən məsələ ilə əlaqədar hər hansı bir reaksiya verilməyib". 

Məktubda bildirilir ki, Azərbaycanın qeyd olunan beynəlxalq sənədlərə uyğun olaraq, işğal olunmuş ərazilərinin azad edilməsi üçün apardığı əks-hücum əməliyyatları dövründə Ermənistan tərəfindən raket hücumlarına məruz qalan yaşayış məntəqələrində tərəfimdən bir neçə faktaraşdırıcı missiya həyata keçirilib və nəticələrə əsaslanan yeddi tematik hesabat hazırlanıb: "Bu hesabatlar Ermənistanın açıq şəkildə, heç bir fərq qoymadan qadağan olunmuş silahlardan istifadə etməklə yüzlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan hücumlarını əks etdirir. Gəncə və Bərdədə əhalinin sıx məskunlaşdığı ərazilərin, həmçinin Azərbaycanın fəal hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən digər şəhər və rayonlarının atəşə tutulması uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla günahsız insanların ölümü ilə nəticələnib. Bu əməllər bilavasitə müharibə cinayətləridir. Bu hesabatlar bütün müvafiq beynəlxalq insan hüquqları təşkilatları ilə yanaşı, sizin təşkilatınıza da göndərilib. Ancaq təəssüflər olsun ki, insan hüquqları və humanitar hüququn pozulması hallarına qarşı sizin tərəfinizdən heç bir reaksiya verilməməsinin bir daha şahidi olduq".

Ombudsman hesav edir ki, insan hüquqlarının pozulması hallarına münasibətdə uzun müddət davam edən susqunluq, beynəlxalq hüququn tətbiq edilməsində istəksizlik, digər dövlətin ərazi bütövlüyünə qarşı hörmətsizlik təcavüzkarı daha çox insan hüquqları pozuntularına sövq edir: "İşğalın təxminən otuz ildir davam etməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı açıq-aşkar hörmətsizlik bu münasibətin bariz nəticəsidir.

Hesab edirəm ki, siz Avropa Şurası İnsan Hüquqları Komissarı kimi təcavüzkarlıq və dözümsüzlük siyasətinin təhlükələrini gələcək nəsillərə xatırladan bir dərs olaraq yaradılmış Hərbi Qənimətlər Parkı ilə bağlı deyil, Azərbaycanın azad edilmiş ərazilərindəki yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irsin məhv edilməsi, talan olunması  və vandalizmə məruz qalması ilə bağlı təəssüf hissinizi bildirməli və bu halları qınamalısınız". 

S.Əliyeva məktubda qeyd edib ki, azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq işarələnməmiş mina yerləşdirilib: "İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olub və ya yaralanıb. Bu məsələ tərəfimizdən dəfələrlə əlaqədar beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. Bununla belə, daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə hələ də həmin təşkilatlar tərəfindən Ermənistana bu xəritələri təqdim etməsi üçün çağırışlar edilməsini gözləyirik. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəfsiz bir qurum olaraq sizi Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi və insan hüquqlarının pozulması hallarının dayandırılması üçün Ermənistana çağırışlar etməyə dəvət edirəm.

Ədalətlilik və qərəzsizlik prinsiplərinə əsaslanaraq təşkilatınızla insan hüquqlarının müdafiəsi və təbliği sahəsində yaxın əməkdaşlığımıza ümid edirəm”, - deyə Ombudsmanın məktubunda bildirilir.

.